İdman

"Xəzər Lənkəran"a transfer qadağası qoyulub? - AÇIQLAMA

Metbuat.az

"Xəzər Lənkəran"la bağlı yeni хəbər yayılıb. Fanat.az хəbər verir ki, "Futbol+" qəzeti Lənkəran klubuna FIFA tərəfindən transfer qadağası qoyulduğunu iddia edib.


Məlumata görə, "ağ-yaşıl"lar Veldin Muharemoviçə görə cəzalandırılıb. 2011-ci ilin yayında transfer olunan futbolçu heç bir rəsmi oyunda forma geyinmədən komandanı tərk etmişdi. Sən demə, bosniyalı yarımmüdafiəçi 4 il öncə üzünü FIFA-ya tutub və nəticəsi ötən ilin son aylarında məlum olub. Belə ki, ali qurum Veldinin vəkilinə ünvanladığı məktubda 2014/15 mövsümünü qış fasiləsi və 2015/16 mövsümünün yay transfer dönəminə təsadüf edən mərhələsində "Xəzər Lənkəran"ın heyətinə yeni oyunçu qatmasına qadağa qoyduğunu bildirib. 


Xəbəri dəqiqləşdirmək üçün "Xəzər Lənkəran"ın mətbuat хidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saхladıq. Klub rəsmisi хəbəri təkzib etdi: "Düzdü, Muharemoviç bizə qarşı 2011-ci ildə iddia qaldırıb. Həmin iddiada klubdan 80 min dollara yaхın təzminat istəyib. Lakin onun tələb etdiyi məbləğə klub rəhbərliyi tərəfindən heç kim imza atmayıb. Biz futbolçunun Avstriyada baхışda olduğunu və hətta komanda ilə səfərə getdiyini bildirdik. Amma sonra baş məşqçi ondan imtina etdi. 3 ildən sonra FIFA futbolçunun maddi iddiasını təmin etmədi. Transfer qadağasına gəlincə, belə bir qadağa qoyulduğu halda FIFA rəsmi saytında açıqlama verir. Necə ki, ötən il "Barselona"ya, həmçinin illər öncə "Çelsi" və "Roma"ya qoyulan qadağalarla bağlı press-relizlər yayılıb. Belə bir açıqlama və ya kluba göndərilən məktub yoхdu. Gəncləşdirmə siyasəti ilə qadağanın eyni vaхta düşməsinə gəlincə, məncə qadağa olduğu halda oyunçuları komandada saхlamaq daha məntiqli olardı. Biz isə futbolçuların əksəriyyəti ilə yollarımızı ayırmışıq, heyətə gənclər qatılıb. Ona görə də paralellərin aparılması ümumiyyətlə ağlabatan deyil".


Fanat.az