Vəli Qasımov “Neftçi” futbol klubunda idman direktoru vəzifəsinə təyin olunub
Bakı, 14 aprel,
AZƏRTAC“Bakcell Arena”da “Neftçi” futbol klubunun Müşahidə Şurasının ilk iclası keçirilib.
AZƏRTAC
xəbər verir ki, iclasda “Neftçi”nin yeni strukturu və iş sistemi təsdiq edilib. Həmçinin Müşahidə Şurasının növbəti iclasınadək klubun ştat cədvəlinin hazırlanaraq şuraya təqdim edilməsi qərara alınıb. “Neftçi”nin yeni strukturunda təsis edilən idman direktoru vəzifəsinə Vəli Qasımov təyin olunub.
Tədbirdə klubun Futbol Akademiyasının nəzdində Sergey Kramarenko adına qapıçılar məktəbinin təsis olunması və muzey yaradılması haqqında qərar qəbul edilib. Həmçinin klubun “Fan shop”u yaradılıb və Müşahidə Şurasına təqdim olunan “Stadium tour” layihəsinin həyata keçirilməsi ilə bağlı qərar qəbul olunub.
İclasda “Neftçi”nin rəsmi loqotipinin yenilənməsi ilə bağlı ictimaiyyətdə, azarkeşlər arasında genişmiqyaslı sorğunun təşkil olunması istiqamətində də müzakirələr aparılıb.
Qeyd edək ki, “Neftçi”nin rəsmi loqotipi indiyədək 4 dəfə yenilənib.