“Synergy Baku” komandası “Banjaluka-Belgrade” veloyürüşündə mübarizə aparacaq
Bakı, 17 aprel,
AZƏRTACAzərbaycanın kontinental velosiped komandası “Synergy Baku” Avropa turları çərçivəsində həftəsonu daha bir yarışda iştirak edəcək.
AZƏRTAC
xəbər verir ki, təmsilçilərimiz aprelin 18-19-da birinci mərhələsi Serbiyada, ikinci mərhələsi isə Bosniya və Herseqovinada təşkil olunacaq 1.2 kateqoriyalı “Banjaluka-Belgrade” veloyürüşündə mübarizə aparacaqlar.
Yarışda komandamız Elçin Əsədov, İsmayıl İlyasov, Matey Müqerli, Aleksandr Surutkoviç, Yannis Tamuridis və Dennis van Vindenlə təmsil olunacaq. Bu yürüşdə iştirakı planlaşdırılan sprinterimiz Maksim Averin yarışda mübarizə apara bilməyəcək.
“Synergy Baku”nun meneceri David Makueyd bildirib ki, məşq zamanı əlindən yüngül zədə alan M.Averinə aprelin sonunda Fransada keçiriləcək “Tour de Bretagne”, mayda təşkil olunacaq "Tour d'Azerbaidjan" yarışına qədər tam sağalması üçün istirahət verilməsi qərara alınıb.