Silvio Berluskoni “Milan” futbol klubunun səhmlərinin 75 faizini çinli biznesmenlərə satacaq
Bakı, 3 aprel,
AZƏRTAC
Silvio Berluskoni İtaliyanın “Milan” futbol klubunun səhmlərinin 75 faizini çinli biznesmenlərə 1,5 milyard avroya satacaq. İtaliyanın 78 yaşlı sabiq baş naziri, “İrəli, İtaliya” partiyasının lideri və “Milan” klubunun prezidenti bildirib ki, bu səhmlərin alıcısı Çinin böyük bir konsorsiumu olacaq.
AZƏRTAC
TASS agentliyinə istinadla bildirir ki, əqdin şərtlərinə görə Berluskoninin qızı Barbara klubun baş direktoru vəzifəsində qalacaq.
Silvio Berluskoninin şirkəti “Milan” futbol klubunun səhmlərinin nəzarət paketini satmaq fikrində deyil. Yerli KİV-lər Berluskoninin bu sözlərini sitat gətirir: “Klubun səhmlərinin 75 faizinin satılması məsələsi artıq həll edilib. Bu məsələnin təfərrüatlarını başa çatdırmaq üçün bir neçə ay vaxt lazımdır”.
Silvio Berluskoni “Milan” klubunu 1986-cı ilin fevralında alıb və o vaxtdan klubun prezidenti vəzifəsini tutur. Onun rəhbərliyi ilə bu klub səkkiz dəfə İtaliya çempionatının qalibi olub, bir dəfə İtaliya Kuboku qazanıb, altı dəfə İtaliya Superkuboku uğrunda turnirdə qalib gəlib (turnirin rekord göstəricisi).
Milan komandası beynəlxalq yarışlarda 5 dəfə Çempionlar Liqasında (bu turnir əvvəllər Avropa Çempionları Kuboku adlanırdı), bir dəfə Kuboklar Kuboku turnirində qalib gəlib. Bundan əlavə, “Milan” beş dəfə UEFA superkubokunu qazanmış, iki dəfə Qitələrarası Kubok yarışlarının qalibi olub. 2007-ci ildə bu komanda klublar arasında dünya çempionatında qalib gəlib.
“Milan” axırıncı dəfə 2010/2011-ci illər mövsümündə İtaliya çempionu olub. 1986-cı ildən klubun prezidenti vəzifəsini Silvio Berluskoni tutur.