İdman

Sərbəst güləş üzrə Azərbaycan millisi dünya kuboku yarışlarını üçüncü pillədə başa vurub

Metbuat.az

Bakı, 13 aprel,

AZƏRTAC

ABŞ-ın Los-Anceles şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışları keçirilib. Yarışda Azərbaycanla yanaşı, Rusiya, Kuba, ABŞ, Monqolustan, İran, Belarus və Türkiyə güləşçiləri iştirak edib.


AZƏRTAC

xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, Belarus və Türkiyə komandaları ilə “B” qrupunda mübarizə aparıb. “A” qrupunda isə Rusiya, Kuba, ABŞ və Monqolustan komandaları qüvvələrini sınayıb.


Güləşçilərimiz əvvəlcə Türkiyə komandasını 7:1, ardınca isə Belarusu 6:2 hesabı ilə məğlub edib. Qrupun son görüşündə güləşçilərimiz İran komandası ilə qarşılaşıb. Gərgin keçən görüşdə uduzan yığmamız qrupu 2-ci sırada tamamlayıb. Beləliklə, komandamız digər qrupun ikincisi Rusiya yığması ilə 3-cü yer uğrunda həlledici görüşə çıxıb. Yekunda 4:4 hesablı bərabərlik qeydə alınsa da, xal hesabı ilə Rusiyadan üstün olan yığmamız dünya kubokunu üçüncü sırada tamamlayıb və bürünc medala sahib olub.


Məlumat üçün bildirək ki, sərbəst güləş üzrə dünya kuboku yarışları 1973-cü ildən keçirilir. Azərbaycan sərbəst güləşçiləri 2 dəfə (2004 və 2009) Dünya Kubokunun sahibi olub. 2012-ci ildə ikinci, 2010, 2011 və 2015-ci illərdə isə üçüncü yerdə qərarlaşıb.