İdman
Milli.Az
"Qarabağ" "Simurq"a, "Neftçi" "İnter"ə qarşı
Bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsinə start veriləcək. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyunlar çərçivəsində baş tutacaq hər iki qarşılaşma Bakıda keçiriləcək.
Mərhələyə “İnter Arena”da start veriləcək. Paytaxt təmsilçisinə məxsus stadionda iki əyalət klubu üz-üzə gələcək. “Qarabağ” cari mövsümdə 3 dəfə məğlub etdiyi “Simurq”u sınağa çəkəcək.
4 gündən sonra Topaz Premyer Liqasında da üz-üzə gələcək rəqiblər 9 gün ərzində 3 matça çıxacaqlar. Çempionatda Zaqatala təmsilçisini 3 dəfə məğlub edən “Qarabağ” “Qızıl dubl” yolunda növbəti addımı atmağa çalışacaq. “Simurq” isə avrokubok arzusunu gerçəkləşdirmək üçün uğur qazanmalıdır.
“Bakcell Arena”da isə “Neftçi” “İnter”i sınağa çəkəcək. Premyer Liqada gümüş medal uğrunda mübarizə aparan rəqiblər növbəti paytaxt derbisində qarşılaşacaqlar.
“Neftçi” və “İnter” son 4 mövsümdə 3-cü dəfə kubok duelinə çıxacaqlar. 2012-ci ildə yarımfinal, ötən il 1/4 finalda mərhələ adlayan “Neftçi” ardıcıl 4-cü dəfə finala çıxmaq üçün ilk addımı atmaq iddiasındadır.
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 21-də keçiriləcək.
Azərbaycan kuboku
Yarımfinal
13 aprel (bazar ertəsi)
18:00. “Qarabağ” – “Simurq”
“İnter Arena”
19:00. “Neftçi” – “İnter”
“Bakcell Arena”
Milli.Az