“Qarabağ” “Simurq”a, “Neftçi” “İnter”ə qalib gəldi
Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinə start verilib.
Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində baş tutan hər iki qarşılaşma Bakıda keçirilib.
“Qarabağ” “İnter Arena”da “Simurq”u sınağa çəkib. Cari mövsüm rəqibini 3 çempionat oyununda məğlub edən Qurban Qurbanovun yetirmələri bu dəfə də azarkeşlərini qələbəylə sevindirib. Ağdamlılar əvvəlki kubok matçlarında qol buraxmayan rəqibini Cavid Tağıyevin qolu ilə məğlub edib – 1:0. 4 gündən sonra Premyer Liqa çərçivəsində də üz-üzə gələcək komandalar ardınca cavab oyununa çıxacaq.
“Neftçi” ilə “İnter” arasında paytaxt derbisi isə “Bakcell Arena”da keçirilib. Bu qarşılaşmanın taleyini “ağ-qaralar”ın qol silahı Nikolas Kanales həll edib. Hər hissədə bir qol vuran çilili bombardir komandasının qələbəsində böyük pay sahibi olub.
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 21-də keçiriləcək.
Azərbaycan kuboku
Yarımfinal, ilk oyunlar
“Neftçi” – “İnter” - 2:0
Qollar: Nikolas Kanales, 19, 71
“Qarabağ” – “Simurq” - 1:0
Qol: Cavid Tağıyev, 15