Pəhləvanlarımız gücünü göstərəcək
Heydər Əliyev adına İdman-Konsert Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək.
ANS PRESS-in məlumatına görə, bu gün başlayacaq turnir aprelin 19-na kimi davam edəcək.
Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri yarışacaqlar.
Turnirin proqramına əsasən bu gün yunan-Roma güləşi üzrə yeniyetmələr, sabah yunan-Roma güləşi üzrə gənclər, aprelin 18-də sərbəst güləş üzrə yeniyetmələr, ertəsi gün isə sərbəst güləş üzrə gənclər mübarizə aparacaqlar.
Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.
Qeyd edək ki, budəfəki turnir iyunda Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyır.
MənbəANS PRESS