İdman

Məktəblilərin mini-futbol üzrə Bakı şəhər çempionatının qalibləri mükafatlandırılıb

Metbuat.az

Bakı, 11 aprel,

AZƏRTAC

Məktəblilərin mini-futbol üzrə Bakı şəhər çempionatının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.


AZƏRTAC

xəbər verir ki, mərasimdə təhsil nazirinin müavini, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, Azərbaycan milli komandasının və “İnter” klubunun üzvü Elvin Məmmədov, həmçinin idman ictimaiyyətinin nümayəndələri iştirak edib.


Təhsil Nazirliyinin AFFA ilə birgə təşkil etdiyi yarışa paytaxtdakı 305 məktəbdən 3 min 660 VIII sinif şagirdi qatılıb.


Çempionatın məqsədi “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələri yerinə yetirmək, iyunda Bakıda keçiriləcək ilk Avropa Oyunlarının mahiyyətini məktəblilər arasında təbliğ etmək, məktəbli futbolçuların idman ustalıqlarını artırmaq və mini-futbolun inkişafına dəstək vermək olub.


Yarışın nəticələrinə əsasən, birinci yeri 200, ikinci yeri 277, üçüncü yeri isə 96 nömrəli tam orta məktəblərin komandaları tutub. Qaliblərə kubok, medal və diplom təqdim olunub.


Komandalar Təhsil Nazirliyi tərəfindən qiymətli hədiyyələrlə də mükafatlandırılıb.