Maradona Türkiyə Superliqasında çalışacaq?
"Forlan, Milito və Maradona ilə sözləşmə imzalamışıq".
ANS PRESS-in məlumatına görə, Almaniyada yaşayan iş adamı Levent Karaca "Əskişəhərspor" klubunun prezidenti olmağa iddialıdır. Əslən Əskişəhərdən olan Karacanın Almaniyada böyük biznes şirkətləri və nəhəng futbol klublarıyla yaxşı əlaqələrinin olduğu deyilir.
May ayında keçiriləcək hesabat-seçki konfransında klub prezidenti olmaq üçün namizədliyini irəli sürəcəyini bildirən Karaca "Es-es"in azarkeşlərinə böyük vədlər verməkdən çəkinməyib:
"İllərdir komandamızın öyünüləsi heç bir uğuru yoxdur. Bu azarkeşlər daha yaxşı komandaya, avrokuboklarda qazanılan uğurlara layiqdirlər. Rəhbərlik bir-birini əvəz edir, zaman boşuna keçir. Amma real iş görülmür. Hər gedən özündən sonra milyonlarla borc saxlayır. Bütün bunların bir sonu olmalıdır. Almaniyada bir çox uğurlu futbol layihələrinə müəlliflik etmişəm, kifayət qədər təcrübəm və maliyyə qaynaqlarım var. Avropa klublarında oynayan 12 "ulduz" futbolçuyla görüşdük, ön sözləşmələr imzalandı. Dahi Maradonayla da danışıqlar aparmışıq, o da ilkin müqaviləyə imza atmaqla bizimlə birlikdə yola çıxmağa hazır olduğunu bildirib. Türkiyədən və müxtəlif Avropa ölkələrindən əskişəhərli iş adamlarını bir yerə toplayacağam, onlar da bu işə dəstəklərini əsirgəməyəcəklər. Bizim şəhərdə yetərincə futbolu, doğma klubunu sevən iş adamları, istedadlı gənc futbolçular var. Biz Avropanın öndə gedən komandalarıyla rəqabət aparmağa qadir olan bir "Əskişəhərspor" yaradacağıq".
Qeyd edək ki, 49 yaşlı Karaca 30 ildir, Almaniyada yaşayır və əvvəllər "Frankfurt Türkspor"un da prezidenti olub.
MənbəANS PRESS