İlk Avropa Oyunlarının brendi Londonda “Transform Avropa 2015” mükafatına layiq görülüb
Bakı, 22 aprel,
AZƏRTAC“Bakı-2015” ilk Avropa Oyunlarının dizayn üzrə tərəfdaşı “SomeOne” şirkəti Londonda keçirilən mötəbər tədbirdə vizual elementlərdən ən yaxşı istifadə nominasiyası üzrə “Transform Avropa 2015” mükafatına layiq görülüb.
“Bakı-2015”dən
AZƏRTAC-a bildiriblər ki, “Transform Avropa” mükafatı brend sahəsində irəli sürülən ən uğurlu, kreativ ideyalar üçün təqdim olunur.
Azərbaycanın təbii gözəlliyindən ilham alınaraq hazırlanan rəngarəng və valehedici “Bakı-2015” brendi ilk Avropa Oyunlarının arenaları, biletləri, uniformaları və bütün rəsmi əmtəə avadanlığının üzərində əks olunur. Brendin mərkəzində Azərbaycan folklorunda birliyin təcəssümü olan nar ağacı yer alıb. Ağacın idmanın müxtəlif növlərinin göz oxşayan piktoqramlarla işlənən hissələri ölkənin zəngin irsini və mədəniyyətini təcəssüm etdirir.
“Bakı-2015”in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib: “Mükafat birinci Avropa Oyunları üçün gördüyümüz hazırlıqlara bələdçilik edən yaradıclıq və innovasiya ruhuna verilən dəyərdir. “Bakı-2015”in brendi ev sahibi Azərbaycanın təbii gözəlliyini, eyni zamanda, bütün qitənin zövq ala biləcəyi yenilikçi idman tədbiri keçirmək arzumuzdan doğan qürur hissini əks etdirir”.
“Bakı-2015”in brend üzrə direktoru Dan Tomlinson isə deyib: “Bakı-2015”in brend üzrə komandası medallardan uniformalaradək bütün əşyalarda istifadə olunacaq ideal təsvir yarada bilmək üçün səylərini səfərbər etdi. Brend daha əvvəl “London-2012” Yay Olimpiya və Paralimpiya oyunları üçün idman brendlərinin hazırlanmasını həyata keçirən məşhur “SomeOne” agentliyi ilə birgə əməkdaşlıq nəticəsində hazırlanıb.
“SomeOne” agentliyinin təsisçisi və icraçı direktoru Harri Holt vurğulayıb ki, biz ötən 18 ay ərzində Avropa Oyunları Əməliyyat Komitəsi ilə həyata keçirdiyimiz əməkdaşlığın nəticəsi olan brendin layiq görüldüyü mükafata görə qürur duyuruq.
Birinci Avropa Oyunlarına geri sayımın son mərhələdə olduğu müddətdə “Bakı-2015”in brendi ev sahibi şəhərin küçələrindəki reklam lövhələrində əks etdirilir, Oyunların məşəlinin və çırağının mühüm tərkib hissəsini formalaşdırır.
İlk Avropa Oyunlarının brendi ilə www.baku2015.com saytında tanış olmaq mümkündür.