“İdman oyunları bilik olimpiadası” keçirildi
Bakı, 17 aprel,
AZƏRTACGənclər üçün Təhsil Mərkəzinin və Mingəçevir şəhər gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə “İdman oyunları bilik olimpiadası” keçirilib.
AZƏRTAC
xəbər verir ki, yüzdən çox gəncin qatıldığı yarışın əsas məqsədi gənclərin idman tariximiz haqqında məlumatlılığının artırılmasıdır.
Mingəçevir Gənclər Evində keçirilən açılış mərasimində çıxış edən gənclər və idman idarəsinin rəisi Kamal Nəcəfli olimpiadanın təşkil olunmasının əhəmiyyətini yüksək qiymətləndirib.
Gənclər üçün Təhsil Mərkəzinin ilk Avropa Oyunlarında könüllü qrupunun rəhbəri Humay Baxışova cari ildə Mingəçevirdə keçiriləcək idman tədbirlərində təmsil etdiyi qurumun hədəflərindən, yarışların yüksək səviyyədə təşkili üçün gənclərin hazırlığından danışıb.
Mərkəz ilk Avropa Oyunlarının Mingəçevirdə təbliği məqsədilə çoxnövçülük üzrə idman yarışları, həmçinin “Region gənclərindən ilk Avropa Oyunlarına yaradıcı dəstək” festivalını təşkil edəcək.