Georgi Nikolov: "Narahat olmayın, "İnter" yaşayacaq"
Ölkə kubokunun yarımfinal mərhələsinin “Neftçi” ilə keçirilən cavab oyunundan sonra “İnter”in prezidenti Georgi Nikolov jurnalistlərin suallarını cavablandırıb.
- Komandanızın fəxri prezidenti Cahangir Hacıyevin Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsindən istefa verməsindən sonra “İnter”in aqibətinin necə olacağı gündəmdən düşmür. Bu haqda nə deyə bilərsiz?
- Hazırda mən də dəqiq bir söz deyə bilmərəm. Amma narahat olmayın, komanda fəaliyyətini davam etdirəcək, yenə iddialı olacağıq. “İnter” sıradan komanda olmayacaq. Əvvəl necə idisə, gələcəkdə də elə olacaq. Bu arada komandanın taleyi ilə yaxından maraqlandığınıza görə, sizlərə də təşəkkür edirik. Futbol ictimaiyyətinə, eyni zamanda azarkeşlərimizə “rahat olun” deyirəm.
- “İnter”in dağılmaq, fəaliyyətini dayandırmaq ehtimalı yoxdu?
- Qətiyyən. Bundan söhbət belə, gedə bilməz.
- Bəs rəhbərlikdə necə, dəyişiklik olacaq?
- Bir şeyi əminliklə deyə bilərəm ki, Cahangir Hacıyev klubun rəhbəri vəzifəsində qalır. Mən də öz vəzifəmi icra edəcəm. Hansısa dəyişiklik gözlənilmir.
- Klubun büdcəsinin 50 faiz azaldılacağı deyilir. Bu, həqiqəti nə dərəcədə əks etdirir?
- Hər şey mümkündü.
- Bəs “İnter Arena”nın aqibəti necə olacaq? Stadion klubun əlindən alınır?
- Bu arena klubun şəxsi mülküdü. Buranı heç kimə vermək fikrimiz yoxdu. Stadiona, bazaya kifayət qədər böyük vəsait xərclənib. Burdan pul qazanırıq. Klub stadiondan xeyir götürür və gələcəkdə də bundan yararlanmaq fikrindəyik.
- Baş məşqçi ilə bağlı məsələyə necə, aydınlıq gətirilib?
- Yaxşı sualdı. Amma hələ ki, cavabı yoxdu.
- Hazırda futbolçunuz olan Slavko Georgievskinin “İnter”in “sükan”ı arxasına keçəcəyi deyilir. Bu, doğrudumu?
- İndiki məqamda bu, mümkün deyil. Çünki Slavko hələ təhsil almalı, kurslarda iştirak etməlidi. Belə olsaydı, şad olardım. Ancaq onun həm təhsili, həm də təcrübəsi yoxdu. Bəlkə də 2-3 ildən sonra Georgievski “İnter”in yeni baş məşqçisi olacaq.
- Bəs bu sualın cavabı nə vaxt açıqlanacaq?
- Hazırda hər şey maddi durumdan, büdcədən asılıdı. Yeni mövsüm üçün büdcəmiz hələ təsdiqlənməyib. Bu, baş verdikdən sonra baş məşqçi postuna təyinat edəcəyik. Hələ ki gözləməliyik.
- Deməli, klubda çalışanlar işlərini davam etdirəcəklər. Heç kim klubdan kənarlaşdırılmayacaq?
- İndidən sizi “İnter”in Avropa Liqasındakı ilk ev oyununa dəvət edirəm. Həmin vaxt matçı VİP lojadan birgə izləyərik. Həm də dediklərimin həqiqət olduğunu öz gözlərinizlə görərsiz.//Apasport.az
Fanat.az