İdman
Əsgər Abdullayev: "...sən şeytandan da betərsən"
“Böyükağa Hacıyevin açıqlamasından xəbərim var. Verilişdə nə dediyini mənə çatdırdılar”. Bu sözləri apasport.az saytına açıqlamasında Əsgər Abdullayev deyib.
Hazırda işsiz olan mütəxəssis “Neftçi”nin keçmiş baş məşqçisi Böyükağa Hacıyevin cari mövsümün ilk turunda “Araz Naxçıvan”la (0:3) keçirilmiş oyun haqda dediyi fikirlərə toxunub. Həmin görüşdə Naxçıvan klubunun “sükanı arxası”nda olmuş Abdullayev oyun alqı-satqısı ilə bağlı gəzən söz-söhbətlərə özünəməxsus şəkildə cavab verib: “Mən bir söz deyim, onunla da məsələni bitirək. Alim dərəcəsində olan tanınmış şəxslərdən birinə deyiblər ki, gəl, şənbə və ya bazar günü bir yerə gedək, dincələk. O, nə cavab versə, yaxşıdı? Deyib mənim o qədər vaxtım yoxdu ki, dedi-qoduya sərf edim. Məncə, artıq sözə ehtiyac yoxdu”.
Naxçıvandakı ab-havaya toxunan Abdullayev orada belə şeylərin keçmədiyini bildirib: “Həmin oyunla bağlı söz-söhbət gəzdirənlərə demək istəyirəm ki, həyatı boyu elə şey ola bilməz. Qaldı ki, Naxçıvanda, ümumiyyətlə, mümkünsüzdü. Məndən çox Böyükağa Hacıyev oranın mühitinə bələddi. 15 il “Araz Naxçıvan”ın kapitanı olub. Bir sözlə, boş söhbətdi. Mən belə şeylərə reaksiya vermirəm. Daha bir məsəl çəkim, onunla da söhbəti bitirək. Şeytanla insan söhbət edir. İnsan şeytana deyir ki, bildiklərini mənə öyrət. Şeytan nə deyirsə, insan “bunu bilirəm” cavabını verir. Sonra şeytan insana qayıdır ki, indi sən öz bildiklərini mənə öyrət. İnsan bildiklərini sadalamağa başlayanda şeytan başını tutub deyir ki, sən şeytandan da betərsən”.
Milli.Az
Milli.Az