İdman

Dünyada ən güclü şahmatçı qadın Beynəlxalq “Nakhchivan Open 2015” turnirində iştirak edəcək

Metbuat.az

Bakı, 3 aprel, AZƏRRTAC


Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş nüfuzlu beynəlxalq “Nakhchivan Open 2015” açıq turnirində iştirak edəcəyini bildirmiş şahmatçılar arasında dünyada ən güclü şahmatçı qadın – cinli Hou İfan da var. Bu siyahıda birinci yeri isə fransalı qrossmeyster Etyen Bakro tutur.


AZƏRTAC

xəbər verir ki, beynəlxalq “Nakhchivan Open 2015” şahmat festivalı mayın 1-dən 10-dək keçiriləcək. Festival çərçivəsində standart şahmat üzrə mürəkkəblik dərəcəsi müxtəlif olan üç turnir nəzərdə tutulur. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olacaq. Partiyaların vaxt rejimi belədir: ilk 40 gediş üçün hər şahmatçıya 90 dəqiqə, bundan sonra isə partiya başa çatana qədər hər şahmatçıya 30 dəqiqə və hər gediş üçün əlavə 30 saniyə vaxt ayrılacaq.


Reytinq əmsalı 2250-dən yuxarı olan 52 şahmatçının, o cümlədən 26 qrossmeysterin iştirakı ilə keçiriləcək “A” turnirinin ümumi mükafat fondu 40.000 dollara bərabərdir (birinci mükafat 10 min dollar olacaq).


Keçən il “A” turnirində 9 mümkün xaldan 6,5 xal toplamış rusiyalı məşhur qrossmeyster Boris Savçenko qalib gəlib.


Xatırladaq ki, həmin turnirdə daha üç iştirakçının – Azərbaycan qrossmeysterləri Eltac Səfərli və Rauf Məmmədovun, habelə peterburqlu Aleksandr Şimanovun hər birinin aktivində eyni sayda xal vardı.