İdman

Dünya çempionu: "Revanş barədə qəti düşünmürəm"

Metbuat.az

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirinin III turunda dünya çempionu

Maqnus Karlsen

İtaliya təmsilçisi

Fabiano Karuana

üzərində qələbə qazanıb. Oyundan sonra keçirilən mətbuat konfransında şahmatçılar partiya haqda fikirlərini söyləyiblər.



Trend

-in məlumatına görə, norveçli dünya çempionu Karuanayla görüşə ciddi hazırlaşdığını deyib: "Ötən il Şəmkirdə keçirilən turnirin ilk dövrəsində məğlub olmuşdum. Amma revanş barədə qəti düşünmürəm. Sadəcə yaxşı oynamaqla qələbə qazanmaq istəyirdim. Etiraf edim ki, ciddi hazırlaşmışdım. Holland müdafiəsindən istifadə etdim. Rəqibin vaxtla bağlı problemi var idi. Belədə rahat oynamaq mümkündür. Məşqçinin dediklərini etdim və sonra artıq partiyanı uğurlu sonluğa çatdırmaq lazım idi. Qələbə layiqli oldu".



Fabiano Karuana Karlsenlə görüşdə fikirləşdiyi gedişləri etmədiyini bildirdi: "Maqnus Karlsen oyuna ciddi hazırlaşmışdı. Mən istədiyimi edə bilmədim. Fərqli oyun olmalıydı. Lazımi gedişləri etmədim. Partiyanın başlanğıcı alınmadı. Debütdə problemlər oldu. Ardınca vaxt problemim yarandı. Çalışırdım, heç olmasa heç-heçə edim. Mümkün olmadı. Tez bir zamanda bu oyunu unutmalıyam".



Milli.Az