İdman

“Coca-Cola” şirkəti “Bakı-2015” ilk Avropa Oyunlarına öz töhfəsini verəcək

Metbuat.az

Bakı, 20 aprel, Həsrət Mahmudova,

AZƏRTAC

Aprelin 20-də “Bakı-2015” birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olan “Coca-Cola” şirkəti və Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Oyunların təşviqat videoçarxının və himninin təqdimatını keçirib.


AZƏRTAC

xəbər verir ki, videoçarx “Coca-Cola”nın Azərbaycanda yayımlanan televiziya çarxları arasında kreativliyinə görə fərqlənir. “Coca-Cola” tərəfindən məxsusi olaraq “Bakı-2015” üçün hazırlanan ruhlandırıcı himn Oyunların təbliğinə və bu mötəbər idman yarışına öz töhfəsini verəcək.


Təqdimat mərasimində BEGOC-un, “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) rəsmiləri, “Bakı-2015” Avropa Oyunlarının elçiləri, yarışlarda Azərbaycanı təmsil edəcək milli yığma komandanın idmançıları, həmçinin KİV nümayəndələri iştirak ediblər.


BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq rəsmi tərəfdaşların “Bakı-2015” ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkili istiqamətində həyata keçirdikləri əməkdaşlıq fəaliyyətinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, “Coca-Cola” tərəfindən təqdim olunan təşviqat videoçarxı və Oyunlara həsr edilən himn milyonlarla insanı Azərbaycanda keçiriləcək ən kreativ və cəlbedici kampaniyalardan biri kimi, bu mötəbər idman yarışını dəstəkləməyə ruhlandıracaq. Bütün qitəni özündə birləşdirəcək tarixi, müstəsna yay idman bayramını “Coca-Cola” kimi rəsmi tərəfdaşlarımız və bizə dəstək verənlərin köməyi ilə uğurla həyata keçirəcəyik. S.Kleq əminliklə vurğulayıb ki, “Coca-Cola” tərəfindən “Bakı-2015” Avropa Oyunlarına həsr olunan kampaniya insanların həyəcanını daha da artıracaq.


“Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş meneceri Cem Becel ilk Avropa Oyunlarının töhfəsi ilə bu möhtəşəm yarışların insanların həyat tərzinə müsbət təsir edəcəyini diqqətə çatdırıb. İdman hamımız üçün ilham mənbəyidir. “Coca-Cola” 1928-ci ildən etibarən beynəlxalq Olimpiya hərəkatını dəstəkləyir. C.Becel Bakıda keçiriləcək ilk Avropa Oyunlarının milyonlarla azərbaycanlını daha fəal olmağa ruhlandıracağına inandığını deyib.


Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayev Avropa Oyunlarında çıxış edəcək idmançılarımıza genişmiqyaslı ictimai dəstəyin formalaşdırılmasının əhəmiyyətindən danışıb. O bildirib ki, Avropa Oyunlarına geniş ictimai dəstəyin olması idmançılarımızın uğur qazanmasına şərait yaradacaq.


Sonra “Bakı-2015” ilk Avropa Oyunlarına həsr olunan videoçarxın təqdimatı olub.


Oyunların ulduz elçisi Tünzalə Ağayeva “Coca-Cola”nın “Bakı-2015” Avropa Oyunlarına həsr etdiyi himni səsləndirdi.


Daha sonra “Bakı-2015” Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların adları həkk olunan xüsusi “Coca-Cola” şüşələri onlara təqdim olundu.