İdman

Bəhram Bağırzadə: "Kişi kimi çıxıb deyəcəyik ki, alınmadı"

Metbuat.az
Bəhram Bağırzadə: “İstəyirəm ki, “Neftçi” irəli getsin, ən azı, xaricə gedəndə bizi təkcə “Avrovizion”la, muğamla yox, həm də futbolla tanısınlar”
Xəbər verdiyimiz kimi, martın 31-də Dövlət Neft Şirkətinin binasında keçirilən iclasda “Neftçi”nin Müşahidə Şurasının tərkibi təsdiqlənib. “Neftçi” İdman Sağlamlıq Cəmiyyəti yaradılıb və Müşahidə Şurasının da həmin qurumun tərkibində faəliyyət göstərəcəyi müəyyənləşdirilib. Xalq yazıçısı Çingiz Abdullayevin şuranın sədri, rejissor və aktyor Bəhram Bağırzadə, futbol veteranları Səməd Qurbanov, Mübariz Zeynalov, SOCAR-ın vitse-prezidentinin müavini Cəbrayıl Məmmədov, “Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov və SOCAR-ın Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanov şuranın üzvləri seçiliblər.
 
Milli.Az xəbər verir ki, qərardan sonra “Yeni Müsavat”a geniş müsahibə verən Bəhram Bağırzadə sözügedən qərar, strategiyaları, planları barədə danışıb.
 
- Çingiz Abdullayev Müşahidə Şurasının rəhbəridir. Mənim də vəzifəm odur ki, futbolun piarı ilə məşğul olum, futbolu daha da yüksək zirvələrə qaldırım. “Neftçi”nin nüfuzu o qədər yüksəklərə qalxsın ki, azarkeşlər də gəlsinlər stadiona. Mən, bildiyiniz kimi, rejissoram. Çingiz müəllim dediyi kimi, biz futbolçu deyilik ki, futbol oynayaq, ya da qapıda dayanaq, hücumçu olaq. Mənim bacardığım sahə piardır, çalışacağam ki, piarla məşğul olum. Nəticədə də insanlarımız, vətəndaşlarımız “Neftçi”nin oyunlarına gəlsinlər, ona azarkeşlik etsinlər.
 
- İdmandan, daha dəqiq desək, futboldan uzaq olduğunuzu deyənlər bu sahədə uğur qazanmayacağınız iddiasını səsləndirirlər. Bu iddialara münasibətiniz necədir?
 
- Əla. (gülür) Qoy desinlər. Niyə də yox? Mən bütün ömrümü sübutla yaşamışam. Sübut edə-edə keçib illərim. “KVN”də də başlayanda hamı gülürdü ki, azərbaycanlılardan “KVN”çi ola bilər? “KVN” Rusiyaya və digər millətlərə məxsusdur deyirdilər. Amma bir azərbaycanlı kimi sübut elədim ki, azərbaycanlılar da “KVN” oynaya bilərlər. Lazım olsa, çempion da ola bilər. Əsrin çempionu da olar, kubokun sahibi də. Ruslara sübut elədim ki, rus dilini onlardan da yaxşı bilirəm. İndi də futbol mənimçün missiyadır. Amma bir iş kimi. Futbolu isə mən 1979-cu ildən oynayıram. Futbolu sevən insanam. Müəyyən şeyləri bilirəm, içəridən problemlərə də bələdəm. Amma onu bilirəm ki, mənim kimi düşünən insanlar olsa, 10-15 nəfər, “KVN” komandası qədər komanda yığsaq, bu sahədə uğurlarımız olar. Təbii ki, bizə aidiyyəti olan məsələlərdən.

- İlkin strategiyanız nədən ibarətdir?
 
- Bilirsiz, vaxt lazımdır. Biz sabah da görüşürük, bir həftə sonra da. Düzdür, bizə klubu 2 ay qalmış verirlər. Çalışacağıq ki, o qələbələri əldə edək. Tək futbol qələbəsini yox, ümumiyyətlə qələbələri. Çingiz Abdullayev də o sözü dedi, mən onunla tamamilə razıyam. Alınmasa, Çingiz müəllim də, mən də kişi kimi çıxıb deyəcəyik ki, alınmadı, qoy gəlib başqaları bu işi öz üzərinə götürsün, komandanı qaldırsınlar. Bizi tanıyanlar, şükür Allaha ki, bilirlər, nəyə qadirik. Bu, ictimai bir işdir, biz burada maaş almırıq, hər hansı vəsait verilmir bizə. Sadəcə, ictimai bir başlanğıcdır. Dəvət olunmuşuq, biz də dəvəti qəbul etmişik.
 
Məqsədimiz isə odur ki, futbolu qaldıraq. Şükür, bilirsiniz ki, Çingiz müəllimin də kitabları milyonlarla tirajla satılır, çox zəngin insandır. Şükür Allaha, mənim də piara ehtiyacım yoxdur. 25 ildir ki, səhnədəyəm, tamaşalarım var, kinoya çəkilirəm və sair. Bundan sonra mənim heç nəyə ehtiyacım yoxdur. Amma bir vətəndaş, azərbaycanlı kimi istəyirəm ki, “Neftçi” irəli getsin. Ən azı, xaricə gedəndə bizi təkcə “Avrovizion”la yox, muğamla yox, həm də futbolla tanısınlar. Bilsinlər ki, Azərbaycanda belə komanda, belə futbol var.
 
- Yəni, sizi brend olaraq seçiblər...
 
- Yəqin ki. Mən peşəkar futbolçu deyiləm. Əsas işim odur ki, gəncləri cəlb edim futbola, onlar gəlsinlər. Bunun da yollarını bilirəm. Sadəcə Futbol Federasiyası ilə danışıb qərarlaşmaq lazımdır. Bunu etmədən mən mətbuata hər hansı açıqlama verə bilmərəm. Müzakirə olunandan sonra inşallah, onları da sizə açıqlayacam və siz biləcəksiz ki, bizim srategiyamız, planımız nədən ibarətdir.
 
- Siz “Neftçi”nin indi içinə düşdüyü vəziyyətin səbəblərini bilirsizmi? Çünki problemi tapmadan çıxış yollarını ortaya çıxarmaq mümkün deyil.
 
- İnşallah, onu da araşdıracağıq. Qərarımızı araşdırmanın nəticəsində verəcəyik. Bizə vaxt verin.

Milli.Az