İdman

“Bakı 2015” biletlərinin satışı başlayıb (VİDEO)

Metbuat.az

Artıq bir həftədir ki, paytaxt Bakının müxtəlif yerlərində “Bakı 2015” ilk Avropa Oyunlarının biletlərinin satışına start verilib. Ümumiyyətlə, bu mötəbər yarışın biletlərinin satışı paytaxtın 12 rəsmi şəhər satış məntəqəsində həyata keçirilir.



İri ticarət mərkəzlərində və şəhərin bəzi kassalarda, həmçinin Heydər Əliyev adına Respublika Sarayının kassasında biletlərin satışına başlansa da, bir necə istirahət və əyləncə mərkəzlərində bu proses aprel ayının 18-dən həyata keçiriləcək.



Tofiq Bəhrəmov adına stadionda isə biletlərin satışı may ayının 15-dən başlayacaq.



Bilet satışı məntəqələrində alıcıların şəxsiyət vəsiqilərilə yaxınlaşıb müxtəlif idman yarışlarına bilet almasını müşahidə etdik. Alıcılar arasında əcnəbilərə də var.



Alıcı Aleksandr Zaytsev deyir ki, 8 ədəd bilet almışam, qiymətlər də münasibdir 3-5 manat.



“Biz Avropa Olimpiya Oyunlarına baxmaq məqsədilə Bolqariyadan gəlmişik. Artıq keçiriləcək oyunlara bilet də almışıq. Bütün növ idman yarışlarını çox sevirik və gəldik ki, canlı olaraq bu oyunlara Bakıda baxaq”, – deyə əcnəbi turist Nikolay Nikolayev bildirib.



Bundan əlavə bilet alanlar arasında əlillik qrupu olanlar da vardı. Onu da deyək ki, belə şəxslərin şəxsiyyət vəsiqələrindən əlavə həm də əlillik dərəcəsini sübut edən vəsiqə ilə satış məntəqələrinə yaxınlaşmaqla pulsuz bilet əldə edə bilərlər.



Alıcı Nazilə Smirova ikinci qrup əlil olduğunu, bu səbəbdən də Avropa Oyunları üçün pulsuz bilet veriləcəyini deyir.



Pulsuz biletləri həm də azyaşlı uşaqlar üçün almaq mümkündür. Bunun üçün sadəcə doğum haqqında şəhadətnamə ilə bilet satışı məntəqələrinə yaxınlaşmaq lazımdır.



“Bakı 2015”in bilet satışı üzrə meneceri Zaur Məmmədov deyir ki, bu günə ən çox bilet açılış və bağlanış mərasimlərinə satılıb. Lakin buna baxmayaraq bəzi idman növləri yarışlarına da kifayət qədər biletlər satılıb:



“Hələlik rəqəmləri konfedensial saxlayırıq. Bunu açıq bir şəkildə ictimaiyyətə elan edə bilmərik. Biletlərin satışları online və satış mərkəzlərində həyata keçirilir. İnsanlar oyunlara bilet əldə etmək məqsədilə istər online, istərsə də satış mərkəzlərindən yararlanırlar. Hazırda online sistemilə bilet satışını həyata keçirməkdə əsas məqsəd həm əcnəbi, həm də yerli azarkeşləri cəlb etməkdir”.



İdman yarışlarına giriş biletlərinin qiyməti 2-5 manat arasında dəyişir. Birinci Avropa Oyunlarının açılış mərasiminə biletlərin qiyməti 20, bağlanış mərasiminə isə 10 manatdan başlayır.



Mənbə
ANS-TV-Çinarə Vaqif