İdman

Azərbaycanın taekvondo üzrə yığma komandası Rusiyada keçiriləcək dünya çempionatına hazırlaşır

Metbuat.az

Bakı, 4 aprel,

AZƏRTAC

Azərbaycanın taekvondo üzrə yığma komandası mayın 12-dən 17-dək Rusiyada keçiriləcək dünya çempionatında iştirak edəcək. Həmin yarışda səkkiz oğlan və səkkiz qızla təmsil olunacağıq. Bu yarışlarda daha yaxşı çıxış edəcək idmançılarımız Avropa Oyunlarında mübarizə aparacaq. Əsas hədəfimiz dünya çempionatı və Bakıda keçiriləcək Avropa Oyunlarıdır.


AZƏRTAC

xəbər verir ki, bu sözləri Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev deyib. O, bildirib ki, birinci Avropa Oyunları böyük tədbirdir. Federasiya bu tədbirə yüksək səviyyədə hazırlaşır. Yarışlarda səkkiz idmançı ilə təmsil olunacağıq. Avropa Oyunlarında ilk altılıqda olan idmançılar “Rio-2016”ya Olimpiya oyunlarına lisenziya alacaq. Bakıdakı Oyunlarda taekvondo yarışlarına hər ölkədən dörd idmançı- iki qız və iki oğlan iştirak edəcək.


Avropa Oyunlarında taekvondo üçün 16 yer ayrılıb. Onlardan biri Azərbaycanındır, digərləri isə Dünya Taekvondo Federasiyasının reytinqinə əsasən müəyyən olunacaq. Avropa Oyunlarında taekvondo yarışları dörd gün davam edəcək və hər gün medal təqdimatı olacaq. Ümumilikdə, oyunlarda səkkiz çəkidə mübarizə gedəcək. Bu çəkilərin dördü oğlanlara, dördü isə qızlara aiddir. Hər gün bir oğlan və bir qız idmançıya aid çəkilərdə döyüşlər gedəcək. Həm “Bakı-2015”də yüksək nəticə əldə etmək, həm də “Rio-2016”ya da xal toplamaq üçün idmançılarımız bu Oyunlara yüksək səviyyədə hazırlıq keçir. Azərbaycanı Avropa Oyunlarında federasiyanın ən reytinqli idmançıları təmsil edəcək.


İdmançılarımızın məşqi üçün bütün şərait yaradılıb. Həm qadın, həm də kişilərin toplanışları bazamızda keçirilir.