Avropa Oyunlarının təbliğində ailəvi idman yarışlarının ötənilki qalibləri də iştirak edəcəklər
Bakı, 18 aprel,
AZƏRTAC“Fəal ailəm, sağlam aləm” (FASA) proqramı çərçivəsində Azərbaycanda ailələrin idmana cəlb edilməsi üçün müxtəlif layihələr cari ildə də həyata keçiriləcək. “Bakı-2015” ilk Avropa Oyunlarının sosial idman irsinin tərkib hissəsi kimi, FASA proqramından Oyunların təbliğində geniş istifadə ediləcək. Məqsəd ailələrin Avropa Oyunlarının təbliğinə töhfə verməsi, kütləvi idman üçün ailə mühitinin faydası və vacibliyini nümayiş etdirməkdir. Bu ildən etibarən FASA-nın ailəvi idman yarışlarının televiziya versiyasının hazırlanıb efir vasitəsilə yayımlanması nəzərdə tutulur.
Ötən ilin təsnifat yarışlarında iştirak edən 20-dək ailə teleyarışda avtomobil qazanmaq üçün güclərini sınayacaq.
AZƏRTAC
xəbər verir ki, FASA ilə bağlı digər maraqlı yenilik isə Avropa Oyunlarının məşəli ilə əlaqədardır. Apreli 26-da Avropa Oyunları məşəlinin alovlandırılması mərasimində və yürüş prosesində “Fəal ailəm, sağlam aləm” proqramının ötən il qalibi olan ailənin üzvləri də iştirak edəcəklər.
Bütün bu həvəsləndirici tədbirlər Avropa Oyunlarının geniş təbliği ilə daha çox insanın sağlam və fəal həyat tərzinə cəlb olunmasına xidmət edir.