İdman

Avropa Oyunlarına hazırlıq işləri gedir (VİDEO)

Metbuat.az

Azərbaycanın ev sahibliyi edəcəyi Avropa Olimpiya Oyunları təkcə paytaxt Bakıda deyil, eyni zamanda Mingəçevir şəhərində də keçiriləcək. Bir müddət əvvəl bu şəhərdə olan dövlət başçısı işlərin gedişilə şəxsən tanış olmuş və öz tapşırıqlarını vermişdi.



ANS TV-nin məlumatına görə, “Bakı 2015” I Avropa Oyunları çərçivəsində Mingəçevir şəhərində keçiriləcək avarçəkmə yarışlarında son tamamlanma işləri başa çatmaq üzərədir. Mingəçevirdə keçiriləcək yarışları 1000-dən çox tamaşaçının izləmək imkanı olacaq.



Artıq yarış meydançası tam hazır vəziyyətə gətirilib. 800-dən artıq tamaşaçı tutumu olan yeni tribunanın quraşdırıması da bir neçə günə yekunaşacaq. Mingəçevirdə keçiriləcək avarçəkmə yarışlarında Avropanın 37 ölkəsindən 300-dək idmançının iştirak edəcəyi gözlənilir.



Bakı Avropa Oyunları avarçəkmə yarışlarının rəsmiləri tərəfindən oyunlar zamanı meydança ərazisində idmançılara, tamaşaçılara və media nümayəndələrinə kömək göstərəcək 100-dək könüllüyə təlimlər keçirilir.



Ümumilikdə isə Mingəçevir şəhərində keçiriləcək yarışlarada 400-dək könüllünün yardımından istifadə olunacaq.



Bakı Avropa Oyunları avarçəkmə yarışlarının rəhbəri Jan Jerome Perrin idmançılar və gələn qonaqlar üçün hər cür şəraitin olduğunu bildirdi. Yarış boyunca idmançılar avarçəkmə kəndi adlandırılan yeni qəsəbədə qalacaq:



“Əsas yarış zonasını hazır etmişik. Ətrafda hazırda bərpa işləri görülür. Burada çadırlar qurulacaq hansı ki, orada yarışlar zamanı idmançıların istirahət zonası təşkil olunacaq. Şəhərdə müxtəlif tədbirlər gedir. Yarışdan sonra idmançıların, xaricdən gələn tamaşaçıların üçün istirahət üçün yerlər hazırlanıb. Vaxt cəhətdən hər şey qaydasında gedir, hər şey yaxşıdır”.



Avarçəkmə yarışlarının rəhbəri həmçinin onu da əlavə etdi ki, aprel ayının 3-dən 5-dək sınaq yarışlarının keçiriləcəyi nəzərdə tutulub. Həmin yarışlarda Azərbaycan, Türkiyə və Gürcüstandan 100 idmançı iştirak edəcək.Sınaq yarışlarında təcrübə qazanmaq üçün 40-dək könüllü də cəlb olunacaq.



Mənbə
ANS TV: Ramil İbrahimov