Xaricdə yaşayan həmvətənlərimizin uğurları ölkəmizin tanıdılması baxımından əhəmiyyətlidir
Stokholm, 10 mart,
AZƏRTACAzərbaycanın İsveçdəki səfiri Adış Məmmədov bu ölkədə yaşayan həmyerlimiz, Beynəlxalq Sanda Federasiyasının prezidenti Əhəd Əhmədoğlu və federasiyanın üzvləri ilə görüşüb.
Görüşdə həmyerlimiz idman sahəsindəki fəaliyyəti haqqında məlumat verərək, kiçik yaşlarından döyüş idmanı ilə məşğul olduğunu, İsveçdə Sanda məktəbinin yaradıcılarından biri olduğunu söyləyib, ötən illər ərzində kifayət qədər yüksək nailiyyətlər əldə etdiyini bildirib. Məşqçi və hakim kimi də çalışmış həmyerlimiz fəaliyyətə hələ 1996-cı ildə İsveçdə həvəskar Sanda çempionatları təşkil etməklə başladığını, sonradan bu idman növünə marağın artması ilə Beynəlxalq Sanda Federasiyasının təsis edildiyini və qısa müddət əvvəl federasiyanın prezidenti seçildiyini bildirib.
Federasiyada bir sıra dövlətlərin təmsil olunduğunu, üzvlərinin sayının isə 2 milyondan artıq olduğunu bildirən Ə.Əhmədoğlu yaxın gələcəkdə bu idman növünü dünya miqyasına çıxarmaq məqsədilə peşəkar idmançıların iştirak edəcəyi S-1 Sanda Dünya Çempionatının bu ilin oktyabr ayında Almaniyanın Ştutqart şəhərində təşkil ediləcəyini qeyd edib.
Adış Məmmədov həmyerlimizi əldə etdiyi uğurlar münasibətilə təbrik edərək, bir azərbaycanlı kimi qürur hissi duyduğunu bildirib. O, xaricdə yaşayan həmvətənlərimizin atdıqları hər bir uğurlu addımın ölkəmizin və xalqımızın tanıdılması istiqamətində böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Səfir Azərbaycanda dövlətin idmana göstərdiyi diqqət və qayğıdan söhbət açıb, ölkəmizin tez-tez beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyini vurğulayıb. O, bir neçə aydan sonra Bakıda keçiriləcək birinci Avropa Oyunları haqqında geniş məlumat verib.
Diplomat Sanda üzrə növbəti dünya çempionatının Bakıda keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm