“The Holland Times” qəzetində Avropa Oyunları barədə məqalə dərc edilib
Haaqa, 5 mart,
AZƏRTACNiderlandın “The Holland Times” qəzetinin mart buraxılışının bir səhifəsi bütünlüklə “Bakı-2015” ilk Avropa Oyunlarına həsr olunub.
Məqalənin əvvəlində Avropa Oyunlarının tarixindən bəhs edilir. Bildirilir ki, Avropa Oyunları 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında təsis olunub.
Həmin toplantıda Avropa dövlətlərinin Milli Olimpiya komitələrinin 84 faizi Avropa Oyunlarının təsis edilməsinin və belə bir yarışın ilk dəfə Azərbaycanda keçirilməsinin lehinə səs verib.
Məqalədə Azərbaycanın bir çox beynəlxalq miqyaslı yarışlara ev sahibliyi etdiyi, ilk Avropa Oyunlarının iyunun 12-dən 28-dək keçiriləcəyi diqqətə çatdırılır, yarışların təşkil ediləcəyi obyektlər barədə məlumat verilir.
Müəllif Oyunlara hazırlıq işlərinin yüksək templə davam etdiyini, atletlər kəndinin inşasının sürətlə aparıldığını və yaxın vaxtlarda onun istifadəyə tam hazır olacağını diqqətə çatdırır.
Qeyd olunur ki, ilk Avropa Oyunlarına yüksək səviyyəli hazırlığın nəticəsidir ki, artıq bir çox ölkələr 2019-cu ildə keçirilməsi nəzərdə tutulan ikinci Avropa Oyunlarına böyük maraq göstərməyə başlayıb və öz namizədliklərini irəli sürməyə hazırlaşıb.
Yazıda “Bakı-2015” ilk Avropa Oyunlarının rəsmi simvolları - ceyran və nar barədə də oxuculara məlumat verilir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa