İdman

"Qarabağ" üçün sürpriz

Metbuat.az
"İlk oyunda 3:0 hesablı qələbə ilə çox şeyə aydınlıq gəlmişdi. Buna baxmayaraq, biz cavab qarşılaşmasına arxayın çıxmamışdıq".

Milli.Az xəbər verir ki, bu sözləri apasport.az saytına "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev deyib.
  
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Bakı" ilə cavab qarşılaşması (4:1) barədə fikirlərini bildirən təcrübəli futbolçu rəqib komandanın da ünvanına xoş sözlər söyləyib: "Bilirdik ki, rəqib gənc komandadır, meydanda dayanmadan qaçan oyunçuları çoxdur. Bizi narahat edə bilərdilər. Buna görə də çalışırdıq sadə futbol oynayaq və imkan düşdükcə də qol vuraq. Düzdür, ilk qolu öz səhvimizdən buraxdıq. Amma yaxşı ki, tez toparlanıb çox keçmədən bərabərlik topunu vurduq. Tədricən də öz oyunumuzu göstərdik və istədiyimiz qələbəni qazandıq".
  
26 yaşlı oyunçu kubokun yarımfinalındakı rəqibləri "Simurq" barədə də fikirlərini açıqlayıb: ""Simurq" bizim üçün çətin komandadır. Çalışacağıq onlara qarşı da öz oyunumuzu göstərək. Açığı, "Simurq"un "Qəbələ"ni ilk oyunda böyük hesabla məğlub etməsi bizim üçün sürpriz nəticə oldu. Zaqatala komandası ilə ardıcıl 3 dəfə üz-üzə gələcəyik. Çempionatda bir dəfə, kubokda isə iki dəfə. Ancaq rəqibin kimliyindən asılı olmayaraq, bizim hədəfimiz finala yüksəlməkdir".
  
Milli komandamızın üzvü yaranacaq fasilədən dərhal sonra "İnter"lə keçirəcəkləri matçın onlar üçün xüsusi əhəmiyyət kəsb etdiyini də əlavə edib: "Hələ nə çempionatda çox yaxşı durumdayıq, nə də kubokda. Bizim də şansımız digərləri qədərdir. Qarşıda ağır oyunlarımız var. Xüsusən də, milli komandanın çıxışına görə yaranacaq fasilədən dərhal sonra "İnter"lə keçirəcəyimiz görüş çox vacibdir. Çünki "Qarabağ"da milli üzvləri çoxdur. Bu amil "İnter"lə qarşılaşmada bizə problem yarada bilər”.
 
Qeyd edək ki, "Qarabağ" "Bakı"nı hər iki oyunda 3 top fərqi ilə (3:0, 4:1) məğlub edərək ölkə kubokunda yarımfinala vəsiqə qazanıb.

Milli.Az