Prosineçki əsəbləşdi: "Bu qərarım bütün ölkədə problemə çevrilib"
Sabah millimiz AÇ-2016 seçmə mərhələsində millimiz Maltanı qəbul edəcək.
ANS PRESS-in məlumatına görə,millimizin baş məşqçisi Robert Prosineçki oyun öncəsi mətbuat konfransı keçirib:
- "Neftçi"nin futbolçuları milliyə niyə dəvət almayıb?
- Bu suala bir-neçə dəfə cavab vermişəm. Yenə də təkrarlayıram, bu gün üçün ən hazırlıqlı futbolçulara dəvət göndərmişəm. Təəssüf ki, onların arasına "Neftçi"dən heç kim düşməyib. Klubun heyətində bizə hazırda kömək edə biləcək kimsəni görmədim. Amma bu o demək deyil ki, həmişə belə olacaq. Ordakı milliyə namizədləri yenə nəzarətdə saxlayacayıq.
- Hücum xəttində problemlər var. Sizsə Rauf Əliyevi milliyə çağırmadız...
- Rauf yaxşı futbolçudu. Amma onun zədəsi var. "Neftçi"yə keçəndən sonra qol vurmayıb. Bu oyunda onun bizə köməyi dəyməyəcəkdi. Gələcəkdə Raufun milliyə çağrılması mümkündü. Qapılarımızı onun üzünə bir dəfəlik bağlamamışıq. Hücum xəttində problem olduğu barədə fikirlərinizlə razı deyiləm.
- Oyun təcrübəsi olmayanları çağırmadığınızı dediniz. Amma dəvət etdiyiniz futbolçular arasında belələri çoxdu. Nurlan Novruzov daim oynayasa da, milliyə çağırılmayıb.
- Bilirəm ki, Nurlan bombardirdi. Lakin mənim oyun üslubuma uyğun deyil. Məhəmməd Qurbanovda daha böyük potensial görürəm. "Neftçi"dən futbolçu çağırmamağım bütün ölkənin probleminə çevrilib. Səlahət Ağayev zədələndi, onun yerinə Emil Balayevi çağırdıq. Oyun təcrübəsi olmayanların start heyətdə olmayacağını dedim.
- Sizin planlarınızı nə poza bilər?
- Gəlin səbrli olaq. Ən yaxşısına ümid edək. İnanıram ki, bizim planlarımızı heç nə pozmayacaq. Stadionun dolacağına, tribunaların bizə dəstək verəcəyinə ümid edirəm. Çalışacayıq ki, azarkeşləri sevindirək.
MənbəANS PRESS