Novruz bayramı münasibətilə “N” saylı hərbi hissədə matros və zabit heyəti ilə görüş keçirilib
Bakı, 18 mart,
AZƏRTACNovruz bayramı münasibətilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində matros və zabit heyəti ilə görüş keçirilib.
BŞGİBİ-dən
AZƏRTAC-a bildiriblər ki, tədbirdə hərbi hissənin komandanlığı, Baş İdarənin əməkdaşları, fəal gənclər və s. iştirak ediblər.
Tədbirdə BŞGİBİ-nin sektor müdiri Zamin Əhmədov Gənclər və İdman Nazirliyinin, Baş İdarənin rəhbərliyi adından əsgərləri Novruz bayramı münasibətilə təbrik edib, çətin və şərəfli xidmətdə onlara müvəffəqiyyətlər arzulayıb.
Sonra hərbi xidmətdə fərqlənən bir qrup matros və zabit heyəti BŞGİBİ tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunub.
Tədbirin sonunda hərbi hissənin rəhbərliyi çıxış edərək qonaqlara təşəkkürünü bildirib, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını söyləyib. O, matros və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildirib.
Bayram şənliyi incəsənət ustalarının iştirakı ilə davam edib.