Kriştianu Ronaldu mövsümün sonunadək mətbuata boykot elan edib
Bakı, 11 mart,
AZƏRTACAZƏRTAC
“Goal.com” portalına istinadla xəbər verir ki, Portuqaliya yığmasının və İspaniyanın “Real” futbol klubunun hücumçusu Kriştianu Ronaldu mövsümün sonunadək mətbuata boykot elan edib.
30 yaşlı forvard boykot etdiyini Çempionlar Liqasının 1\8 final mərhələsində Almaniyanın “Şalke” klubu ilə keçirilən cavab matçı başa çatandan sonra bildirib. Həmin matçda “Real” öz meydanında 3:4 hesabı ilə uduzub. Bu komandalar arasında birinci görüş İspaniya kollektivinin qələbəsi ilə (2: 0) başa çatıb. Bunun sayəsində ispanlar əvvəlki iki matçın cəminə görə yarışın növbəti mərhələsinə keçiblər.
Bütün oyun ərzində klub yoldaşlarının hərəkətlərinə əsəbiləşən Ronaldu deyib: “Mən mövsümün sonunadək KİV-lər ilə ünsiyyət saxlamayacağam”.
Kameralar portuqaliyalının komanda yoldaşı Karim Benzemeyə dediyi “Bu biabırçılıqdır” sözlərini lentə ala bilib.
Ronaldu bu görüşdə iki qol vurub, habelə Avropa Kuboku yarışlarının ən yaxşı bombardiri olub. İndi onun hesabında 78 qol var. “Barselona”nın forvardı Lionel Messinin və “Real”ın sabiq hücumçusu Raulun hər birinin aktivində 76 qol var.