Gürcüstanın stend atıcılığı üzrə yığma komandası “Qəbələ” atıcılıq klubunda Dünya kuboku yarışlarına hazırlaşır
Bakı, 17 mart,
AZƏRTACGürcüstanın stend atıcılığı üzrə yığma komandası “Qəbələ” atıcılıq klubunda Dünya kuboku yarışlarına hazırlaşır.
AZƏRTAC
xəbər verir ki, Avropa çempionu və ikiqat dünya çempionu Tariyel Jqentinin rəhbərlik etdiyi Gürcüstan yığması martın axırlarında Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) keçiriləcək Dünya kuboku yarışlarına hazırlaşır.
Məşq toplantısında Gürcüstanın ən güclü atıcıları, o cümlədən beynəlxalq turnirlərin mükafatçıları və qalibləri olmuş David Kvatadze, Givi Kvatadze, Givi Şengeliya, Mamuka Zarapişvili, İrakli Lomidze, Tengiz İmnaişvili və Vladimir Narçemaşvili iştirak edir.
Gürcüstan yığmasının məşqçisi Tariyel Jqentin deyib: “Bizə bu cür imkan yaradılmasına görə “Qəbələ” idman klubunun rəhbərliyinə xüsusi təşəkkürümü bildirmək istərdim. Hazırlıq qaydasınca gedir. Burada idmançıların mühüm yarışlara hazırlaşmaları üçün hər cür şərait yaradılıb. Ümidvaram ki, bir vaxt bizdə, Gürcüstanda da belə gözəl atıcılıq stendi yaradılacaq. Burada insanlar olduqca səmimi və qonaqpərvərdirlər. Özümüzü evimizdə olduğu kimi hiss edirik. May ayında Heydər Əliyev adına beynəlxalq Qran-Pri yarışlarına biz də hökmən gələcəyik.
Məşq-toplantı martın 19-dək davam edəcək.