Gənclər “Bakı-2015” Avropa Oyunları ilə bağlı məlumatlandırılıb
Bakı, 4 mart,
AZƏRTAC
“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi “Olimpiya həyəcanını hiss et” layihəsi çərçivəsində Suraxanı rayon Gənclər və İdman İdarəsində gənclərlə görüş keçirib.
İctimai Birlikdən
AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən birliyin sədri Samirə Mustafayeva gənclərə bu ilin iyununda Bakıda keçiriləcək birinci Avropa Oyunlarının böyük tarixi hadisə olduğunu söyləyib. Qeyd edib ki, ilk oyunların Bakıda keçirilməsi böyük nailiyyətdir. Bu tarixi qərarın qəbul edilməsində ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynayıb. Avropa idman ailəsinin bizə göstərdiyi etimadın təməlində idmançılarımızın həm Avropa, həm dünya çempionatlarında, həm də Olimpiya Oyunlarında uğurları da böyük rol oynayıb.
Digər çıxış edənlər də gənclərə Avropa Oyunları ilə bağlı rəsmi nümayəndə heyətinin, tədbirin işıqlandırılması üçün Bakıya gələcək xarici kütləvi informasiya vasitələri təmsilçilərinin sayı barədə məlumat veriblər.
Diqqətə çatdırılıb ki, Avropa Oyunlarına hazırlığın ilkin mərhələsində yarışların keçirilmə yerləri müəyyənləşib. Oyunlarının rəsmi açılış və bağlanış mərasimləri Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.