İdman

Fərid Qayıbov: Gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatı Avropa Oyunları üçün test xarakterlidir (FOTO)

Metbuat.az

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir Elçin Mehdiyev/

İlk dəfə olaraq keçiriləcək gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında bütün gimnastika növləri təmsil olunacaq. Trend-in məlumatına görə, bunu martın 4-6-da Bakıda keçiriləcək gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatına həsr olunmuş mətbuat konfransında Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov deyib.

O, qeyd edib ki, 2002-ci ilin sonlarında Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib: "Həmin tarixdən etibarən federasiya özündə gimnastikanın 3 növünü birləşdirib. Bu gün isə bütün 6 gimnastika növü federasiyamız tərəfindən inkişaf etdirilir".

F.Qayıbov bildirib ki, ilk dəfə olaraq keçiriləcək bu yarışlarda 6 gimnastika növü - 4-ü olimpiya, 2-si qeyri-olimpiya növü - təmsil olunacaq. Onun fikrincə, bu, çox unikal bir formatdır: "Bilirsiniz ki, Olimpiya Oyunlarında 4 gimnastika növü üzrə yarışlar müxtəlif məkanlarda keçirilir. Amma burada eyni məkanda keçiriləcək. Hətta 2 gimnastika növü üzrə yarışlar eyni vaxtda keçiriləcək".

Baş katib deyib ki, yarışların belə mürəkkəb olması təşkilatlar üçün bir qədər çətin olsa da, tamaşaçılar üçün çox maraqlı olacaq: "Mənə elə gəlir ki, biz bunun öhdəsindən gələcəyik".

O, qeyd edib ki, bu yarışlar Avropa Oyunları üçün test xarakterlidir: "Bakıda keçiriləcək Avropa Oyunlarında 20 idman növü ilə yanaşı, gimnastika da təmsil olunacaq. Buna görə də qərara gəldik ki, birgə açıq Azərbaycan çempionatına qonşu ölkələri də dəvət edək".

F.Qayıbov bildirib ki, Avropa Oyunlarına çox böyük maraq olduğu üçün hətta Avropa ölkələri ilə yanaşı, ABŞ, Qazaxıstan və digər ölkələrdən də iştirakçılar gələcək: "Ümumilikdə, 22 ölkənin iştirakı ilə yarışlar keçiriləcək. Artıq yarışlar sabahdan Milli Gimnastika Arenasında başlayacaq. Qeyd edim ki, bu gün Avropa Oyunları üçün bütün 6 gimnastika idman növü üzrə püşkatma mərasimi keçirilib".

O, əlavə edib ki, Gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatına biletlər pulsuzdur: "Milli Gimnastika Arenasına gələn tamaşaçılar biletləri oradan pulsuz əldə edə bilərlər".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az