İdman
"Əvvəlki oyunlarda uduzmağımızın səbəbi..."
Topaz Premyer Liqasının XXV turunda “Sumqayıt”la qarşılaşan “Qəbələ” Viktor Mendinin dublu sayəsində 2:0 hesabı ilə qələbə qazanıb. Matçın qəhrəmanı olan Mendi apasport.az saytına müsahibə verib.
- Birinci hissədə meydanda ağalıq etsəniz də, fasilədən sonra bir durğunluq yaşandı. İkinci hissədə niyə hücumlarınızı davam etdirmədiniz?
- Həqiqətən də, birinci hissədə yaxşı oynadıq. Buna görə də 2 qol vurduq. Əslində, qollarımızın sayı çox ola bilərdi. İkinci hissədə rəqibin üzərimizə gəlməsini gözlədik ki, onları əks-hücumlarda tutaq.
- Sürətli hücumlar qurmaq üçün sürətli hücumçuya ehtiyac olduğu məqamda baş məşqçi sizi dəyişdi. Yorulmuşdunuz?
- Yorğunluq var idi. Qısa vaxt ərzində iki oyuna çıxmışıq. Dörd gündən sonra isə növbəti matçımız var və buna hazır olmalıyıq. Amma əvəz edilməyim sırf bununla bağlı deyildi. Baş məşqçi belə qərar verdi, onu yerinə yetirmək lazımdı.
- Sizcə, 2:0 hesabı bu görüş üçün kifayət etdimi?
- Bu hesab qələbə üçün yaxşıdı. İkinci hissədə üçüncü qolu vurmağa çalışdıq. Sürətli hücumlar qurmaq istəyirdik. Vacib olan qələbə qazanmaq idi, bunun da öhdəsindən gəldik.
- Martın 13-də ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində “Simurq”la qarşılaşacaqsınız. Doğma meydanda 0:3 hesabı ilə uduzduğunuz rəqibdən ikinci dueldə bunun əvəzini çıxa biləcəyinizə ümid edirsinizmi?
- Çox çətin oyun olacaq. Çünki “Simurq”un güclü müdafiə xətti var və komanda yaxşı oynayır. Biz bütün şanslarımızı reallaşdırmağa çalışacağıq. Revanşı almaq üçün minimum 3 cavabsız top vurmalıyıq ki, oyun əlavə vaxta getsin. Bu görüş hamımız üçün vacibdi.
- Avropa Liqasına vəsiqə qazanacağınıza necə, inanırsınızmı?
- Çalışırıq, qarşıdakı oyunlarda xallar itiməməliyik. Hazırkı yerimizi qorumalı, güclü olmalıyıq ki, buna nail olaq. Məncə, hədəfimizə çatacağıq.
- “Qəbələ” bir hücumçu ilə çıxış edir. Ön xətdə tək qalmaq sizə çətinlik yaratmır?
- Bu, baş məşqçinin taktiki seçimidi. Mən isə onun bu seçiminə hörmətlə yanaşıram. Hücumçu kimi işim verilən tapşırıqları yerinə yetirməkdi.
- Növbəti turda “İnter”lə qarşılaşacaqsınız və cari mövsümdə onlara qalib gələ bilməmisiniz...
- Futbolda mümkün olmayan heç nə yoxdu. Əvvəlki oyunlarda uduzmağımızın səbəbi yaratdığımız qol epizodlarından istifadə edə bilməməyimiz idi. Bu dəfə həmin seriyanı dəyişdirmək, qələbə qazanmaq istəyirik.
Milli.Az
Milli.Az