İdman

Bu yarış Yaxın Şərqdə ilk olacaq

Metbuat.az

Bakı 2015 Avropa Oyunlarında bir sıra güclü triatlonçunun iştirak edəcəkləri gözlənilir.



ANS PRESS-in məlumatına görə, Dünya Triatlon Seriyası yarışları Əbu Dabidə başlayacaq və bu, Yaxın Şərqdə bu seriyada keçiriləcək ilk yarışlardır. On növdə keçiriləcək yarışlar bu ilin 15-20 sentyabr tarixlərində Çikaqoda 2015-ci ilin ITU Dünya çempionlarının müəyyən ediləcəkləri qrand final mərhələsi ilə başa çatacaq. Bu barədə Bakı 2015 Avropa Oyunlarının rəsmi internet səhifəsi xəbər yayıb.



Yarışların bu ilki qrafikinə Qould Koust şəhəri də daxil edilib. Bununla Avstraliya şəhəri 2009-cu ildə keçirilmiş birinci yarışlarda ev sahibliyindən sonra ikinci dəfədir ki, Dünya Triatlon Seriyası yarışlarının keçiriləcəyi şəhərlər siyahısında təmsil olunur.



Əbu Dabidən sonra Dünya Triatlon Seriyası yarışları 29 martda Okland, 11 apreldə Qould Koust, 25-26 apreldə Keyp Taunda, 16 mayda Yokohamada və 31 mayda Londonda keçiriləcək.



Avropa Oyunlarında triathlon yarışları 13-14 iyun tarixlərində Dünya Triatlon Seriyasında altı həftəlik fasilə dövründə kerçiriləcək. Bu seriyadan olan yarışlar növbəti dəfə 18-19 iyul tarixlərində Hamburqda başlayacaq. Çikaqoda qrand finaldan əvvəl yarışların növbəti iki mərhələsi 22-23 avqust tarixlərində Stokholmda və 5-6 sentyabr tarixlərində isə Edmontonda keçiriləcək.



Əbu Dabi mərhələsində kişilər arasında 10 ən güclü idmançıdan doqquzu, qadınlar arasında isə 10 ən güclü qadın idmançıdan altısı iştirak edəcək.



Dünya çempionu ispaniyalı Xavier Qomez Noya bu növdə beşqat Dünya çempionu adını qazanan ilk idmançı olmaq ümidindədir. Qadınlar arasında hazırkı çempion Amerika Birləşmiş Ştatlarından Quen Yorqensendır.



Digər iddiaçılar arasında Böyük Britaniyalı 2012-ci il London Olimpiya Oyunlarının çempionu Alister Braunlinın, eləcə də, Fransalı Dorian Koninksin və Rafael Montoyanın adlarını çəkmək olar.



Yorqenseni taxtdan salmaq istəyən qadın iddiaçılardan Olimpiya medalçıları İsveçrəli Nikola Spiriqi və İsveçli Liza Nordeni qeyd etmək olar. Bunlardan başqa Almaniyalı Sofia Saller və Laura Lindemann, Fransalı Kassandra Beqrand və Audrey Merle kimi bəzi gənc idmançılar da diqqəti cəlb edəcəklər.

Mənbə
ANS PRESS