İdman

Azərbaycan boksçuları Avropa Oyunlarına İtaliyada hazırlaşacaqlar

Metbuat.az

Bakı, 17 mart,

AZƏRTAC

Avropa Oyunlarına hazırlaşan boks üzrə Azərbaycan milli komandası İtaliyaya təlim-məşq toplanışına yollanıb.


AZƏRTAC

xəbər verir ki, yığmamız 8 gün İtaliyanın Assizi şəhərində yerli boksçularla birgə hazırlıq keçəcək.


Millimizin məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında toplanışda 2 qat dünya, Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov (+91 kq), dünya çempionu Cavid Çələbiyev (56 kq), Avropa çempionu Salman Əlizadə (49 kq) kimi tanınmış boksçularımız iştirak edəcək. Bu yaxınlarda Bolqarıstanda keçirilmiş “Strandja” turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxan Elvin İsayev (60 kq) və Lorenzo Sotomayor da (64 kq) toplanışa cəlb olunublar.


Hazırlıq prosesində, həmçinin Salman Əlizadə (49 kq), Elvin Məmişzadə, Məsud Yusifzadə (hər ikisi 52 kq), Tayfur Əliyev (56 kq), Tamerlan Abdullayev (69 kq), Xaybulla Musalov, Kamran Şahsuvarlı (hər ikisi 75 kq) və Rauf Rəhimov (81 kq) iştirak edəcəklər.


Qeyd edək ki, komandamız bunadək Bakıda Fransa boksçuları ilə birgə hazırlıq keçib. Apreldə isə yığmamız Avropa Oyunlarına test xarakteri daşıyan “İpək Yolu” turnirində mübarizə aparacaq.