İdman

Avropa Oyunları akrobatika gimnastikasının inkişafı üçün yaxşı addım olacaq

Metbuat.az

Bakı, 28 mart,

AZƏRTAC

Başlanmasına artıq yüz gündən az vaxt qalan Avropa Oyunlarında idmanın 20 növü üzrə 6 mindən artıq atlet mübarizə aparacaq. Onların arasında akrobatika gimnastikası (qarışıq cütlük və qrup) üzrə 6 cüt medal uğrunda da idmançılar güclərini sınayacaq.


AZƏRTAC

xəbər verir ki, qarışıq cütlüklərin yarışında ölkəmizi gimnastlarımız Ulyana Dyakova və Anatoliy Leonov təmsil edəcəklər. İdmançılarımız artıq açıq Azərbaycan çempionatında 2 qızıl, 1 gümüş medal qazanmağa nail olublar.


AZƏRTAC

hər iki idmançımızın Azərbaycan Gimnastika Federasiyasının saytına müsahibəsini təqdim edir.


- Gimnastikaya gəlişiniz haqda danışın. Necə oldu ki, məhz idmanın bu növünü seçdiniz?

U.Dyakova: Məni akrobatikaya 11 yaşım olanda gətirdilər. Əvvəllər rəqslə məşğul olurdum. Daha sonra dedilər ki, özümü akrobatikada sınayım və bu, mənim xoşuma gəldi. Beləliklə, bu sahədə qalmağı qərarlaşdırdım.


A.Leonov: Mən çoxdan idmanla məşğul olurdum. Məktəbdə deyirdilər ki, bir şeylə məşğul olmaq lazımdır və bildirdilər ki, akrobatika üzrə bölmə fəaliyyət göstərir. Mən sadəcə gəldim və idmanın bu növünü çox bəyəndim. Artıq iki ildən sonra mən akrobatikadan getmək istəmirdim.


- Necə düşünürsünüz, idmanın başqa növlərində uğur qazana bilərdinizmi?

U.Dyakova: Uşaqlıqda suda tullanma və üzgüçülüklə məşğul olmaq istəyirdim, lakin inanmıram ki, mən uğur qazana bilərdim.


A.Leonov: Yəqin alınardı. Uşaqlıqda karate və güləş sənətini sevirdim.


- Yarış günü emosiyalarınızla necə bacarırsınız? Təmkinli olmağınızın sirri nədədir?

U.Dyakova: Mən uzun müddət hazırlaşıram buna və çıxış öncəsi çox həyəcanlanıram. Öz-özümə deyirəm ki, hər şey yaxşı olacaq, artıq hər şey edilib, məşqlərdə bir neçə dəfə etmisən bunları, yenidən təkrarlamaq lazımdır. Özümə arxayınlıq verirəm.


A.Leonov: Mənim təcrübəm çoxdur. Artıq 20 ildir ki, akrobatika ilə məşğulam. Kiçik yaşlarımda həyəcan olurdu. İndi isə özümü xüsusi hazırlaşdırmıram. Nə edəcəyimi bilirəm, buna görə də həyəcanlı olmuram. Fikrimi heç nə unutmamaq üçün cəmləşdirirəm. Ən əsas budur.


- Fikrinizcə hər hansı idman növündə vacib olan nədir?

U.Dyakova: Xarakter və özünü idarə edə bilmək.


A.Leonov: Xırda şeylərə əhəmiyyət vermək. Məhz bu yolla uğur əldə edə bilərsən.


- Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu, idmanın növündən asılıdır?

U.Dyakova: Düşünürəm ki, əgər diqqətlə işləsən təhlükə olmamalıdır. Hər hərəkət üzərində fikirləşmək və özünü idarə etmək lazımdır. Özünü cəmləyib, səhvlərdən nəticə çıxarmaq lazımdır.


A.Leonov: Mən düşünürəm ki, hər şey məşqçidən asılıdır. Əgər o yaxşı mütəxəssisdirsə, işini düzgün görürsə, zədə almarsan. Xoşbəxtlikdən, karyeram boyunca ciddi zədələrim olmayıb.


- İdmanda kumiriniz varmı?

U.Dyakova: Mənim kumirim yoxdur.


A.Leonov: Hər zaman təkrarlayıram: “Özünə kumir yaratma”. İdmanın digər növlərində var, lakin akrobatikada yoxdur. Əgər sən rəqibinə heyran olursansa, ona qalib gələ bilməzsən.


- Yaxın gələcək üçün idman planlarınızdan bir az danışın.

U.Dyakova: Avropa Oyunlarına qədər Bolqarıstanda dünya kubokunda iştirak edəcəyik. Sonra isə var gücümüzlə Oyunlara hazırlaşacağıq.


A.Leonov: Avropa Oyunlarından sonranı hələ düşünmürük. Lakin nəzərə alırıq ki, oktyabrda Avropa çempionatı olacaq.


- Avropa Oyunları sizin üçün nə kəsb edir və siz ona necə hazırlaşırsınız?

U.Dyakova: Düşünürəm ki, Avropa Oyunları çox böyük yarışdır, onun həcmi insanı heyrətləndirir. Hər kəs oyunlar haqda, orada təmsil olunacaq idman növləri haqda bilir. Hər kəs özünü oyunların uğurla təşkil olunmasına hazırlayır. Hətta indi test turnirində azarkeşlərin sayı çox idi, Avropa Oyunlarında bundan on dəfə artıq olacaq. Düşünürəm ki, bu Oyunları Olimpiada ilə müqayisə etmək olar.


A.Leonov: İnsanlar akrobatikanı yaxşı təsvir etmirlər. Avropa Oyunları idmanın bu növünün inkişafı üçün yaxşı addım olacaq. Bu tədbir akrobatikanın populyarlaşmasına kömək edəcək. Hamı idmanın bu növünü yavaş-yavaş tanıyır.


- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyiniz başqa arzularınız, məqsədləriniz varmı?

U.Dyakova: Doqquzuncu sinfi bitirmək istərdim.


A.Leonov: Arzularım yalnız Avropa Oyunlarında qalib olmaqdır.


- İdmanla gündəlik həyatınızı birləşdirə bilirsinizmi?

U.Dyakova: Çətin olur, lakin buna dəyər. Məktəb çantasını bir kənara qoyub, məşq çantasını götürərək dərsdən məşqə qaçmaq.


A.Leonov: Mən boş vaxtlarımda fotoqraflıqla məşğul oluram. 3-4 saat məşq etdikdən sonra sevimli işimə girişirəm. Onları birləşdirmək çətin deyil. Həyat yoldaşıma təşəkkür edirəm ki, məni başa düşür və dəstəkləyir.


- Adətən azarkeşləriniz tribunalardan sizi necə dəstəkləyirlər? Siz onlardan nə eşitmək istərdiniz?

U.Dyakova: Biz hər zaman azarkeşləri eşidə bilmirik, çünki bütün diqqətimiz çıxışımızda olur. Komanda yoldaşlarımıza tribunadan azarkeşlik edəndə bizə necə böyük dəstək verdiklərini başa düşürük. Çox xoşdur ki, bizə azarkeşlik edirlər, uğur arzulayırlar.


A.Leonov: Bu, bizə müsbət enerji verir. Eşidirik, necə qışqırırlar, dəstəkləyirlər. Amma biz nə baş verdiyini hər zaman anlamırıq. Mənim bütün fikrim çıxışımda olur.


- Onlara nə demək istəyərdiniz?

U.Dyakova: Bizi dəstəkləyən hər kəsə təşəkkür edirik. Ölkədə idmana böyük marağın olması bizə xoş təsir edir.


A.Leonov: Gəldikləri üçün, minnətdarıq. Avropa Oyunlarına dostlarını, tanışlarını dəvət etsinlər.