Bakı, 21 aprel, AZƏRTAC
Futbol üzrə Azərbaycan kuboku yarışlarının ikinci finalçısı da müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, aprelin 21-də turnirin yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində “İnter Arena” stadionunda “Neftçi” komandası “İnter”lə görüşüb.
Elvin Əsgərovin idarə etdiyi oyun “İnter”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda flaqmanın heyətində Nikolas Kanales, “İnter”in heyətində isə Arif Daşdəmirov və Baçana Sxadadze fərqləniblər.
Komandalar arasında keçirilən ilk oyun “Neftçi”nin 2:0 üstünlüyü ilə başa çatmışdı. İki oyunun nəticəsinə görə “Neftçi” Azərbaycan kuboku yarışlarının finalına yüksəlib.
Qızıl medal uğrunda görüşdə “Neftçi”nin rəqibi “Qarabağ” klubu olacaq.