Bakı, 21 aprel, AZƏRTAC
Ayrı-ayrı xarici ölkə vətəndaşlarının xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan Bakıda kirayə götürdükləri mənzillərdə xüsusi avadanlıq quraşdırmaqla beynəlxalq rabitə xidmətləri təşkil edərək dövlətə külli miqdarda ziyan vurmalarına dair Milli Təhlükəsizlik Nazirliyindən daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluqdan AZƏRTAC-a bildiriblər ki, araşdırmalar zamanı, həmin qanunsuz əməlləri həyata keçirməklə dövlətə Ukrayna Respublikası vətəndaşının 25 min 571 manat, İran İslam Respublikası vətəndaşlarının 7 min 323 manat, Rusiya Federasiyası vətəndaşının 40 min 692 manat, Gürcüstan vətəndaşlarının 2 min 878 manat məbləğində ziyan vurmalarında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 192.2.1-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.