Milli.Az BBC-yə istinadən bildirir ki, Rusiya Antiterror Komitəsinin məlumatına görə aprelin 19-da Dağıstanda keçirilmiş əməliyyatda öldürülən üç nəfərdən biri ilkin olaraq Aliashab Kebekov kimi tanınıb.
Bu xəbər Şimali Qafqazın cihadçı imternet saytları tərəfindən yayılsa da, hələlik qiyamçıların komandanlığından təsdiq olunmayıb.
Həm də Ali Abu Mühammad al-Daqestani və ya Ali Abu Muxammad kimi tanınan Kebekov Şimali Qafqaz qiyamının liderliyinə 2014-cü ildə Doku Umarovun ölümündən sonra seçilib.
Etnik avar olan Kebekov 1972-ci il, yanvarın 1-də Dağıstandakı Sovet rayonunun (indiki Şamil rayonu) Teletl kəndində doğulub. O 2000-ci illərin əvvəllərində Suriyada universitetdə təhsil alıb.
Kebekov qiyamçılara 2009-cu ildə qoşulub və artıq 2010-cu ilin oktyabrında Dokka Umarov tərəfindən qrupun şəriət hakimi təyin edilib.
Onun rolu hərbi komandanlıqdan daha çox ideologiya ilə bağlı idi. Kebekov Rusiya Daxili İşlər Nazirliyinin axtarış siyahısına 2012-ci ildə daxil edilmişdi.
Umarovun 2013-cü ildə zəhərlənərək ölməsinin ardınca bir neçə səhra komandiri Kebekovun qiyama komandanlığı öz üzərinə götürməsi üçün müraciət edib.
Kebekov bu təklifi əvvəlcə rədd etsə də, 2014-cü ilin martında razılıq verib.
Mötədil cihadçı
Rusiyada mülkilər üzərinə də hücumlar üçün əmr verən Umarovdan fərqli olaraq Kebekov liderliyi ələ aldıqdan az sonra dinc adamların hədəflənməyəcəyini elan edib.
O həmçinin intihar bomba basqınlarının və belə basqınlarda qadınların iştirakının əleyhinə olub.
Kebekovun birbaşa əmrilə heç bir hücum keçirilməsə də, o 2014-cü ildə qiyamçıların Qroznıya həmləsini alqışlayıb.
Kebekov həm də Suriya və İraqda İslam Dövləti tərərfindən elan edilmiş xilafəti dəstəkləmirdi.
Çox guman ki, belə bir mövqe Şimali Qafqaz qiyamındakı bəzi personajların narazılığına səbəb olub.
2014-cü ilin sonları və 2015-ci ilin əvvəllərində Dağıstan və Çeçenistandakı bir neçə qiyamçı komandir Kebekovun tabeliyindən İslam Dövlətinin lideri Əbu Bəkr əl-Bağdadinin komandanlığı altına keçdiklərini elan edib.
2015-ci ilin yanvarında etdiyi videomüraciətdə Kebekov Şimali Qafqaz qiyamının “ən ağır günlərini” yaşadığını, döyüşçülərin çatışmadığını və xalq dəstəyinin olmadığıını etiraf etmişdi.
Milli.Az