Bakı, 21 Aprel, AZƏRTAC
Almaniyanın Saarland əyalətində yerləşən Völkingen şəhərində küçə incəsənətinə (street art) həsr edilmiş “UrbanArt Biennale-2015” festivalı keçirilir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, rəsm əsərlərdən ibarət olan sərgi XIX əsrin ikinci yarısında tikilmiş Metallurgiya kombinatının divarlarında əks olunub. Fəaliyyəti 1986-cı ildə dayandırılan bu kombinat nadir memarlıq abidəsi kimi 1994-cü ildə UNESCO-nun mədəni irs siyahısına daxil edilib.
Festivalda 23 ölkədən 81-ə yaxın rəssam iştirak edir. Rəsm əsərləri aerozol boyalarla çəkilib. Bu rəsmlər, həmçinin bir çox aparıcı muzeylərin sərgi salonlarında da nümayiş etdirilir.
Sərgi noyabradək davam edəcək.


