Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 21-də Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına hərbi liseydə “Şahinlər” hərbi-idman oyunlarının rayon məktəbləri üzrə final mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən ordu quruculuğuna xüsusi diqqət və qayğı göstərildiyini deyib. İcra hakimiyyətinin başçısı dövlətimizin gənclər siyasətində hərbi-vətənpərvərlik sahəsinin mühüm yer tutduğunu diqqətə çatdıraraq belə tədbirlərin keçirilməsində əsas məqsədin böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq olduğunu qeyd edib.
T.Budaqov vurğulayıb ki, bu gün ölkəmizdə aparılan iqtisadi islahatlar digər sahələrlə yanaşı idman sahəsində də özünü göstərir. Belə ki, son illər Azərbaycan idmançılarının beynəlxalq yarışlarda əldə etdiyi uğurlar və qazanılan nəticələr onu deməyə əsas verir ki, bu gün məhz bu sahə də dövlət başçısının diqqət mərkəzindədir. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də dövlətin idmana göstərdiyi diqqətin təzahürüdür.
Bildirilib ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gənclərin hərbi hazırlıq səviyyəsinin gücləndirilməsi, onlara hərbi-vətənpərvərlik hisslərinin aşılanması və təbliği məsələləri öz əksini tapıb. Bu yarışlar yeniyetmələrin və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanması və turizm hərəkatının inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.
Tədbirdə Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Rasim Musabəyov və başqaları çıxış edərək belə tədbirlərin keçirilməsinin məktəb şagirdlərinin ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərdiyini deyiblər.
Sonra rayon üzrə 24 orta ümumtəhsil məktəbinin 350-yə yaxın şagirdi arasında yarışlar başlanılıb. Komandalar iki mərhələdə səkkiz idman növü üzrə müxtəlif sınaqlardan keçməklə öz bacarıqlarını nümayiş etdiriblər. İlk olaraq şagirdlər təntənəli marşla tribuna önündən keçib və onların sıra hazırlığının səviyyəsi yoxlanılıb.
Sonra komandalar fiziki hazırlıq, maneənin dəf olunması, mülki müdafiə hazırlığı, tullanma, qaçış, çətin maneələri aşma kimi mərhələlərdə öz qüvvələrini sınayıblar. Hərəkətlər hakimlər tərəfindən beş ballıq sistem üzrə qiymətləndirilib.
Yarışlarda qalib gələn məktəbin komandası “Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona birinciliyində iştirak etmək hüququ qazanıb.