Riqa, 21 aprel, AZƏRTAC
Latvıyanın xarici işlər naziri Edqars Rinkeviçs “Şərq Tərəfdaşlığı” Proqramının üzvü olan ölkələrin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən müşavirəsində iştirak edib. Müşavirədə “Şərq Tərəfdaşlığı” ölkələrinin Riqada qarşıdan gələn zirvə görüşü və Riqa Bəyannaməsinin çərçivələri müzakirə olunub.
E.Rinkeviçs deyib: “Riqa sammiti mürəkkəb geosiyasi vəziyyətdə keçəcək, çünki “Şərq Tərəfdaşlığı” Proqramının uzunmüddətli strategiya olması və inkişafa davam edəcəyi barədə Avropa İttifaqına güclü siqnal göndərmək lazımdır. Bundan əlavə, Riqada Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin siyasi təmsilçiliyinin yüksək səviyyədə olması “Şərq Tərəfdaşlığı”nı daha da möhkəmləndirmək niyyətini təsdiq edəcək və bu məsələni prioritet qaydada Avropa İttifaqının xarici münasibətlərinin gündəliyinə çıxaracaq”.
Xarici işlər naziri əmin olduğunu bildirib ki, Riqa sammiti həm ikitərəfli münasibətlərin yaradılmasına, həm də çoxtərəfli əməkdaşlığın möhkəmlənməsinə tuşlanan “Şərq Tərəfdaşlığı” siyasətinin inkişafına aydın baxış nümayiş etdirməlidir. O deyib: “Şərq Tərəfdaşlığı”nın mühüm sözü differensiasiyadır. Bu söz “Şərq Tərəfdaşlığı”nın bütün sahələri əhatə etdiyini və eyni zamanda bütün tərəfdaş dövlətlər ilə fərdi münasibətlər inkişaf etdirdiyini bir daha təsdiq edir. Avropa İttifaqı assosiasiya haqqında sazişlər imzalamayan tərəfdaşlar ilə əməkdaşlığını təsdiq etməlidir. Fəaliyyət və hüquqi tənzimləmə sahələri ilə bağlı Azərbaycan ilə razılığa gəlmək, Belarus ilə ikitərəfli münasibətləri möhkəmləndirmək, Ermənistan ilə yeni danışıqlar elan etmək lazmdır.
Nazir diqqəti cəlb edib belə bir fakta: assosiasiya haqqında saziş “Şərq Tərəfdaşlığı”nın özəyidir. E.Rinkeviçs vurğulayıb: “Ümidvarıq ki, assosiasiya haqqında saziş Riqada sammit başlayana qədər Avropa İttifaqı ölkələrinin çoxunda ratifikasiya olunacaq. Tərəfdaş dövlətlərin cəmiyyətlərinə güclü nikbin müraciətin göndərilməsi eyni dərəcədə vacibdir, çünki “Şərq Tərəfdaşlığı”nın üzvü olan bütün ölkələrin təklifləri Riqa Bəyannaməsinə əlavə olunmalıdır”.
E.Rinkeviçs vurğulayıb ki, Aİ ilə “Şərq Tərəfdaşlığı” ölkələri arasında münasibətlərin müxtəlif sahələrini daha çox inkişaf etdirmək lazımdır. Məsələn, energetika, ticarət, rəqəmsal iqtisadiyyat və ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlıq gücləndirilməlidir. Bu, Aİ ilə tərəfdaş dövlətlər arasında regional qarşılıqlı münasibətlərin möhkəmlənməsinə şərait yaradacaq.
E.Rinkeviçs sonda deyib: “Riqa sammitinin hədəfləri iddialıdır, lakin Riqa Bəyannaməsinin dili və səylər real və praktiki olmalıdır”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa