Ağcabədi, 21 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Ağcabədi rayonunda “Regionlarda intellektual inkişafa dəstək” adlı layihə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi, region gəncləri arasında müxtəlif əyləncəli, məntiqi və intellektual yarışlar təşkil etməklə, gənclərdə cəld və düzgün qərar qəbul etmə keyfiyyətlərinin və intellektual səviyyənin qeyri-formal yolla inkişafına dəstək olmaq, intellektual şəbəkələşmə prosesinə təkan verməkdir.
Layihə Ağcabədi şəhəri üzrə 10 və 6 kənd tam orta məktəbini əhatə edir. İntellektual oyunlarda orta məktəblərin 8-11-ci sinif şagirdləri iştirak edəcək. Hər məktəbdən seçim turuna 6 nəfərdən ibarət olan 4 komanda qatılacaq. Layihədə ümumilikdə 64 komanda iştirak edəcək ki, bunlardan 16 komanda finala vəsiqə qazanacaq. İlk üç yeri tutmuş komandalar və iştirakçılar diplom, kubok və hədiyyələrlə mükafatlandırılacaqlar.
Hazırda layihə çərçivəsində tam orta məktəblərdə seçim turları keçirilir.
