Londondakı "Menier Chocolate Factory"də aprelin 27-dən etibarən "MAN Of Steal" şousu başlanır. Britaniyanın ən məşhur illüzionistlərindən biri Ceyms Fridman bu şouda cibgirliyin incəlikləri və ümumiyyətlə, cibgirlərin fəndləri ilə bağlı biliklərini paylaşacaq.
Milli.Az bildirir ki, şoudan əvvəl The Daily Mail-in tanınmış reportyoru Harri Maunt cibgirlərin fırıldaqlarını faş etməsi ilə populyarlaşan Ceyms Fridmanın bacarığını yoxlamaq qərarına gəlib.
Nəticə reportyoru şoka salıb. Çünki cəmi 2 dəqiqə ərzində Fridman reportyorun ciblərindəki portmoneni, eynəyi, mobil telefonu, bank kartlarını, evin və avtomobilin açarlarını çox rahatlıqla, ən başlıcası isə bu əşyaların sahibinin əsla xəbər olmadan çıxarıb.
Fridman "TED London" konfranslarında da çıxış edib.
"Məqsədim cibgirlərin bizi necə qarət etmələrini, soymalarını göstərməkdir. Hər şey əslində çox asandır. Cibgirlərin barmaqları çox sürətli, hərəkətləri incə və düşünülmüşdür. Onların qurbanı olmamaq, qarət qurbanına çevrilməmək üçün məsləhət sadədir: küçədə tanımadığınız insanın sizə çox yaxınlaşmasına imkan verməyin. Cibgirlər qurbanlarına məhz yaxınlaşandan sonra "əməliyyat"a başlayırlar", - 49 yaşlı C.Fridman bildirib.
Fridmanın dediyinə görə, hər insanda "əzələ yaddaşı" var. Yəni cibində telefon və ya pul olan insan, bu əşyalardan məhrum olduğunu dərhal anlamır. Telefon cibdən çıxarıldıqda belə, insan əzələ yaddaşının nəticəsində cibində olmayan telefonun ağırlığını bir müddət hiss edir.
Bundan başqa, ciblərində pul və ya mobil telefon olan insan ictimai yerdə, nəqliyyatda cibgirlərin qurbanı olmamaq üçün tez-tez ciblərini yoxlayır.
Bu hərəkətlər əslində usta cibgirə dəvət, "gəl, məni qarət et, əşyalarım bu ciblərimdədir" deməkdir.
Cibgirlərin qurbanına çevrilməmək üçün Fridmanın məsləhətləri belədir:
1. Sərnişin nəqliyyatında heç vaxt qapının önündə durmayın.
2. Sayıq olun, tanımadığınız insanın sizə çox yaxınlaşmasına imkan verməyin.
3. Özünüzlə böyük məbləğdə nağd pul daşıyırsınızsa, pulları bir neçə cibiniz arasında bölüşdürün və ya "pul qurşağı"ndan istifadə edin.
4. Çantanı ağzı vücudunuza tərəf tutun.
5. İnsanların gur olduğu yerdə bel çantanızı əlinizdə tutun.
6. Pul kisəsini harada gəldi, çıxarmayın, pullarınızı saymayın.
7. Kafe və ya restoranda çantanı oturduğunuz masadan asmayın.
8. İctimai yerdə mobil telefonla qısa danışın. Mobil telefonunuzun İMEİ nömrəsini *#06# yazmaqla müəyyənləşdirin və telefonunuz oğurlanarsa, onu bloka salın.
9. Pul və ya mobil telefonu, açarları heç vaxt şalvarın arxa cibinə qoymayın.
10. Qol saatı alanda dəri qolbaqlı saatlara üstünlük verin. Dəri qolbaqlı saatı qoldan asanlıqla çıxarıb oğurlamaq çətindir.
Milli.Az






