Moskvada 40-a yaxın gənc saxlanılıb
Rusiya paytaxtında Adolf Hitlerin doğum gününü qeyd edən bir qrup şəxs saxlanılıb.
 
APA-nın verdiyi məlumata görə, ötən gecə polisə paytaxtın cənub-şərqində yerləşən gecə klublarının birində bir qrup gənc tərəfindən Adolf Hitlerin doğum gününün qeyd olunması barədə məlumat daxil olub. 
 
Hadisə yerinə gələn polis 40-a yaxın şəxsi saxlayıb. Saxlanılanların üzərindən travmatik silah və nasist simvolları götürülüb.
 
"Vətəndaşlar tərəfindən daxil olan məlumat əsasında Moskvanın cənub-şərqində yerləşən gecə klubunda Adolf Hitlerin doğum gününü qeyd edən 40 nəfərə yaxın şəxs saxlanılıb. Klubda aparılan axtarış zamanı 4 ədəd travmatik silah,10 ədəddən çox bıçaq, o cümlədən Hitlerin portreti aşkar edilib", - deyə Moskva Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilib.
 
Məlumatda o da qeyd edilib ki, saxlanılan şəxslərin paytaxt ərazisində baş verən cinayətlərdə əlinin olub-olmaması araşdırılır.

Milli.Az