Şəmkir, 20 aprel, Samirə Allahverdiyeva, AZƏRTAC
Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess - 2015” turnirinin dördüncü turunda qalib gələn Amerikalı Uesli So liderliyi qoruyub saxlayıb.
AZƏRTAC xəbər verir ki, ağ fiqurlarla oynayan ABŞ nümayəndəsi 41-ci gedişdə Azərbaycan qrossmeysteri Rauf Məmmədovu məğlubiyyətə uğradıb.
Hazırkı dünya çempionu Maqnus Karlsen Böyük britaniyalı Maykl Adams ilə sülh bağlayıb. Vladimir Kramnik (Rusiya) - Vişvanatan Anand (Hindistan), Maksim Vaşye-Laqrav (Fransa) - Fabiano Karuana (İtaliya), Aniş Giri (Niderland) - Şəhriyar Məmmədyarov (Azərbaycan) partiyaları da heç-heçə başa çatıb.
Dördüncü turdan sonra turnir cədvəlində iştirakçıların vəziyyət belədir: Uesli So - 3,5, Maqnus Karlsen – 3, Vladimir Kramnik – 2,5, Vişvanatan Anand, Maksim Vaşye-Laqrav - hərəyə 2, Aniş Giri, Fabiano Karuana, Rauf Məmmədov və Şəhriyar Məmmədyarov – hərəyə 1,5, Maykl Adams -1xal.
Aprelin 21-də beşinci turun görüşləri keçiriləcək. Bu turda Anand – So, Karlsen – Vaşye-Laqrav, Məmmədyarov –Kramnik, Karuana –Giri, Məmmədov – Adams partiyaları oynanılacaq.
Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnir aprelin 26-dək davam edəcək.