Bakı. 20 aprel. REPORT.AZ/ Çexiyanın Azərbaycandakı səfirliyinin viza şöbəsinin açılışı keçirilib. "Report"un məlumatına görə, mərasimdə Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka iştirak edib.
V.Pivonka qeyd edib ki, şöbənin açılışı Çexiyaya getmək istəyən Azərbaycan vətəndaşları üçün vizaların verilmə prosedurunu asanlaşdıracaq və çox guman ki, Azərbaycan turistlərinin bu ölkəyə axınının artmasına səbəb olacaq. Onun sözlərinə görə, ötən il Çexiya Azərbaycan vətəndaşları üçün 8,5 min viza verib.
Səfirliyin viza şöbəsi Xocalı prospekti, 37-də, "Demirсi Tower"in ikinci mərtəbəsində yerləşir. Şöbə aprelin 27-dən fəaliyyətə başlayacaq.
Sənəd qəbulu həftənin bazar ertəsindən cümə gününədək saat 09:00-dan 16:00-dək həyata keçiriləcək. Pasportların verilmə prosesi bazar ertəsindən cümə gününədək saat 11:00-dan 17:00-dək həyata keçiriləcək (nahar fasiləsi 13:00-dan 14:00-dək).
Şöbə sənədləri yalnız qısamüddətli Şengen vizası üçün qəbul edəcək. Növbədənkənar viza almaq istəyənlər əvvəlki kimi Çexiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsinə müraciət etməlidir.
Vizaların verilmə mərkəzinin rəsmi saytı: www.vfsglobal.com.