Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarının rəsmi tərəfdaşı olan "Coca Cola"nın Oyunlara həsr etdiyi himn və videoçarxın təqdimat mərasimi keçirilib. "Report"un məlumatına görə, "Fairmont" otelində baş tutan tədbirdə "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, "Bakı 2015"in Ulduz Elçiləri Tünzalə Ağayeva, Rafael Dadaşov və Coşqun İsgəndərov, "Coca Cola"nın baş direktoru Cem Becel və bir sıra idmançılar iştirak ediblər.
Tədbirin açılışında çıxış edən S.Kleqq təşviqat kompaniyasından söz açıb. O, "Coca Cola"nın "Bakı 2015"dəki rolundan və dəstəyindən danışıb. Sonda baş direktor şirkətin təqdim etdiyi xidmətlərdən Oyunlar zamanı hər kəsin razı qalacağını deyib.
Tədbirin gedişində Tünzalə Ağayevanın ifasında "Coca Cola"nın I Avropa Oyunlarına həsr etdiyi himn səsləndirilib və videoçarx qonaqlara təqdim edilib. Himn "Bakımın üzü gülür" adlanır.
Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək.