Bakı, 19 aprel, AZƏRTAC
Bu gün AZƏRTAC-ı çox ağır xəbər sarsıtdı. Tərcümə bölməsinin müdiri Cavid Səfərov həyatdan köçdü.
Gözəl tərcüməçi, səmimi dost, qayğıkeş ata və oğul... Əlbəttə, gülər üzü, xoş xasiyyəti ilə hamıya sevinc bəxş edən, peşəkar tərcüməçi kimi dəyərli məsləhətləri ilə həmişə həmkarlarının köməyində duran bir insan haqqında keçmiş zamanda danışmaq çox çətindir. Agentlikdə rus dilinə tərcümə üçün ən ciddi materiallar məhz Cavidə etibar edilirdi. İxtisasca humanitar sahənin mütəxəssisi olmasa da, geniş dünyagörüşü, dili mükəmməl bilməsi sayəsində Bakı Dövlət Universitetinin fizika fakültəsinin məzunu Azərbaycanın ən yaxşı tərcüməçilərindən biri idi.
Cavid Səfərov 2003-cü ildən ölkənin əsas informasiya agentliyində işləyirdi. Elə ilk günlərdən kollektivdə böyük hörmət qazanmışdı. Dövlətimizin başçısının sərəncam və fərmanlarını, qanunları, ölkəmizin ictimai-siyasi həyatındakı bütün əhəmiyyətli hadisələr haqqında informasiyaları bizim Cavid tərcümə edirdi. O, 2010-cu ildə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülmüşdü.
İş rejiminin gərgin olmasına baxmayaraq, o daim qızları Nərmin və Floranın təhsili ilə maraqlanır, xəstə anasının sağlamlığının qeydinə qalırdı. Ağır düşüncələr ürəyini nə qədər sıxsa da, həmişə gümrah görünürdü. Qonşu otaqda oturan dostuna müraciətlə dediyi ”Mənim qardaşımın kefi necədir?” sözləri bizim üçün onun vizit kartı olaraq qalacaq.
Dünyanın əbədi və sərt qanunları var. Əbədiyyətə qovuşan dostlarımız qəlbimizdə yaşayan həm də bir ağrıdır: vaxtında sözlə də olsa dəstəkləmədiyimiz, həqiqi dayaq ola bilmədiyimiz üçün... Biz, azərtaclılar Cavidi həmişə xatırlayacağıq. Çünki o, həqiqi dost idi!
Allah qəni-qəni rəhmət eləsin!