Kəpəz TV (Region TV) xəbər verir ki, bu tur təmsilçimiz Şəhriyar Məmmədyarov yarışın favoriti dünya çempionu norveçli Maqnus Karlsenlə qarşılaşıb. İti zəka sahibimiz bu oyunda superturnidə ilk məğlubiyyəti alıb. Yarışdakı iki şahmatçımızdan biri olan Rauf Məmmədov holland Aniş Qiri ilə dueldə ilk turdakı kimi xalları yarı bölüb. Turun digər oyunlarında Maykl Adams Fabiano Karuanayla, Maksim Vaşye-Laqrav Vişvanatan Anandla, Uesli So Vladimir Kramniklə sülh bağlayıb. 2-ci turdan sonra turnir cədvəlində 3 hakimiyyətlilik hökm sürür. Aktivində 1.5 xalı olan Karlsen, Kramnik və So 1-ci 3-cü yerləri bölüşdürürlər. 1 xala malik Anand, Məmmədov, Vaşye-Laqrav və Karuana 4-cü 7-ci mövqedə qərarlaşıblar. Adams, Məmmədyarov və Qiri 0.5 xalla cədvəldə 8-ci 10-cu pillədə yer tuturlar.
 
Bu gün isə “Shamkir Chess 2015” beynəlxalq superturnirdə 3-cü turun oyunları keçiriləcək. Günün ən maraqlı görüşündə dünyanın 1 nömrəsi Maqnus Karlsen reytinq siyahısında 2-ci olan Fabiano Karuanayla qarşılaşacaq. Azərbaycanlı şahmatçılardan Şəhriyar Məmmədyarov fransız Maksim Vaşye-Laqravla, son ölkə çempionu Rauf Məmmədov isə sabiq dünya çempionu Vladimir Kramniklə zəkasını yoxlayacaq. Digər eks-dünya çempionu Vişvanatan Anand yarışın ən gənc şahmatçısı Aniş Qirini sınağa çəkəcək. Xatirə turnirinin bir başqa gənc iti zəka sahibi Uesli So təcrübəli Maykl Adamsla görüşəcək.
Qeyd edək ki, şahmatsevərlər dünya ulduzlarının iştirakı ilə keçirilən mötəbər turniri canlı olaraq Şəmkirdə Heydər Əliyev Mərkəzindən izləyə bilərlər. Mərkəzə giriş pulsuzdur. Aprelin 26-dək davam edəcək turnirin oyunları hər gün saat 15:00-da başlayır.

Milli.Az