Yunanıstanda Türkiyənin Selanik Baş Konsulluğunun binası önündə insident baş verib.

Anspress-in məlumatına görə, yunanlar binanın qarşısındakı polis avtobusuna Molotov kokteyli ilə hücum ediblər.

Yunanıstan polisinin müdaxilə etməkdə çətinlik çəkdiyi hadisə zamanı Atatürkün evinin də olduğu konsulluq binasına çox sayda Molotov kokteyli atılıb.

Selanikdə dünən gecə saatlarında baş verən hadisə zamanı böyük təhlükə sovuşub. Etirazçılar həbsxanaların bağlanılmasını və həbsxanalarda aclıq aksiyası təşkil edən məhkumların azad edilməsini tələb ediblər.

İqtidar əleyhdarları şəhər mərkəzində təşkil etdikləri nümayiş zamanı konsulluq binasının divarlarına zərər vurublar. Molotov kokteyllərindən biri yoldan keçən qadının üzərinə düşüb. Yanma təhlükəsi ilə üzləşən qadına vətəndaşlar yardım ediblər. Alov alan polis maşını isə qısa zamanda söndürülüb.

Qeyd edək ki, bu cür hadisələr birinci dəfə deyil. Selanik Baş Konsulluğunun qarşısında artıq 9-cu dəfədir ki, belə hadisə baş verib.

Milli.Az